Düşüncə Jurnalı

header photo

Obssesiv - Kompulsiv pozuntu

07-11-2013

 

Bir çoxunun ağlına vaxtaşırı olaraq doğmalarının və yaxınlarının başına pis hadisə, bədbəxtlik gələcəyi, onların yaxud özünün hansısa dəhşətli xəstəliyə tutulacağı, qapını bağlamışam ya bağlamamışam, eləcə də əlləri dəfələrlə yumalıyam kimi təkrarlanan fikirlər gəlir. İnsanların əksəriyyətində rastlanan və psixiatriyada obssesiv fikirlər olaraq adlandırılan bu əlamətlər həmin insanın günlük yaşamına və sosiallığına təsir etmədikcə xəstəlik sayıla bilməz. Obssesiv fikirlər bir çox mövzuları əhatə etməklə yanaşı, ayrı-ayrı xəstəliklərin əlaməti də ola bilər.

Obssesiv əlamətlərin ən çox rast gəlindiyi xəstəlik köhnə adı ilə sarışan hallar nevrozu, müasir dövrdə isə obssesiv-kompulsiv pozuntu adlandırdığımız xəstəlikdir.

Obssesiv – kompulsiv pozuntunun əlamətləri nələrdir?
OKP-nin əlamətləri obssesiya və kompulsiya, yəni fikir və davranışlar eləcə də həyəcan, depressiyasıdır.
Obssesiyalar beyinə istəmədən daxil olan, təkrarlanan, qovulması çətin düşüncələrdir. Bu düşüncələr şəxsin iradəsindən asılı olmadan beyninə daxil olur və həmin şəxs bunun boş və mənasız olduğunun fərqindədir. Tez-tez rastlaşdığımız obssesiyalar aşağıdakılardır:
-Təmizlik - Bu tip insanlar daimi olaraq ətrafda mikrob, kir, qan və s. olduğunu düşünürlər.
-Simmetriya - Əşyaların bir-birinə paralel olmasına həddən artıq diqqət yetirirlər.
-Dini - Allah, peyğəmbər və digər dini şəxslərlə bağlı təhqir edici fikirlər.
-Cinsi - Doğmalarına qarşı cinsi obssesiyalar.
-Ehtiyat - Dəfələrlə yoxlamaq, ifrat ehtiyatlı olmaq.
Kompulsiyalar isə obssesiyaların yaratdığı həyəcan və narahatçılığı azaltmaq üçün edilən təkrarlanan davranışlardır. Tez-tez rast gəldiyimiz kompulsiyalar bunlardır: 
-Təmizlik - saatlarla əl yumaq, hamamdan çıxa bilməmək, spirtdən və digər dezinfeksiya edici məhlullardan istifadə.
-Təkrar etmə - yaxınlarının başına pis hadisə gəlməsin deyə eyni hərəkəti təkrar etmə.
-Sayma - binaların mərtəbələrini, maşınları sayma və ya nömrələrini əzbərləmə, reklamları oxuma.
-Yoxlama - dəfələrlə qapını , suyu, qazı bağladığını yoxlama.
OKP-nin konkret bir yaranma səbəbi yoxdur. Müasir nəzəriyyələrə görə serotonin ifrazının orqanizmdə pozulması nəticəsində yaranır. Müalicəsi müasir tipli antidepressant dərmanlarla psixoterapiya üsulu ilə aparılır.

Orxan Fərəcli
Klinik-Psixoloq

Go Back

Şərh yazmaq funksiyası bu məqalə üçün ləğv edildi.