Düşüncə Jurnalı

header photo

Uşaq tərbiyəsi və edilən yanlışlar - II HİSSƏ

Valideyn davranışlarında buraxılan ən böyük səhvlərdən birisi həddindən artıq nəzarət və kontrol ilə uşağın yetişdirilməsidir. Bu tip uşaqlar asılı şəxsiyyət tipi olaraq bütün həyatları boyunca başqa insanların köməyinə ehtiyac duyur, tək başına heç bir uğur qazanmayacaqlarını düşünürlər. Bir çox dəfə belə bir halla rastlaşmış olarsınız ki, uşaqlar pilləkənləri özləri tək qalxanda, divana və ya stol-stula çıxdıqdan sonra bunu tək başına edə bildiklərinə görə, necə öz güvənlə ətrafa baxıb özlərindən əminliklərini ətrafdakılara nümayiş etdirirlər. Bu vəziyyət uşağın özünə əminliyini və inamını formalaşdırıb, onda həyata qarşı mübarizə əzmi formalaşdırır. Bəs biz bu vəziyyətdə nə edir, necə davranırıq, yəni uşağın tək başına bizim üçün kiçik onun üçün böyük sayılan uğurlar qazanmasına düzgün münasibət göstərə bilirikmi? Bir çoxumuz bu halda uşağı qucağına götürüb onu birbaşa çıxmaq istədiyi yerə qaldırıb qoyuruq. Bu bizim cəmiyyətə xas olan təməl davranışlarıdan biridir hansı ki, ana və ata uşağa yardım etmək adı ilə və ya yazığı gələrək bu cür köməklik göstərir. Ancaq qərb ölkələrində və inkişaf etmiş cəmiyyətlərdə valideyn uşağın bu hərəkətini alqışlayır və onun yuxarı çıxmasına kömək etməyərək qıraqdan müşahidə edir və nəticədə uşaqda özgüvən formalaşmasına şərait yaradır. Bizlər isə hələ körpəlik çağından hər bir addımında uşağa köməkliklər edirik məsələn uşaq böyüyür məktəbə gedir dərslərinə, universitetə qəbul prosesində ixtisas seçiminə, sonra universitet oxumağına, universitetdən sonra iş tapmağına və ev almasına kömək edirik. Nəticədə uşağın həyatda heç bir öz addımı və müstəqil fəaliyyəti olmur.

Ağlama yoxsa səni döyəcəm tipindəki hədələyici cümlələr ilə uşağın qorxudulması və ya qışqıraraq ona müraciət edilməsi nəticəsində uşaq içinə qapanmağa, ailədən uzaqlaşmağa başlayır. Səbəbləri soruşmadan və doğru davranış yollarını izah etmədən uşağı vurmaq və təhqir etmək və eyni zamanda uşağın yaxşı hərəkətlərinin valideynlər və ətrafdakılar tərəfindən alqışlanmaması ona psixoloji travmalar vuraraq, ətrafdan təcrid olunmasına və daxildən təlatümlər içində yaşamasına səbəb olur. 

Uşaqlara yemək vərdişlərini aşılamaq və onları düzgün qidalandırmaq gələcəkdə sağlam nəsillərin yetişməsində həyati önəmə sahibdir. Artıq bir yaşından etibarən uşaqlar yemək süfrəsi ətrafında ailə ilə birgə oturmalı və eyni zamanda uşaqların yemək sürətinin zəif olduğu böyüklərlə eyni sürətdə yemədikləri diqqətə alınmalıdır. Yeməklərdə boşqabın hamısının bitirməsi istənməməli və əlavə artıq yemək yedirilməyə çalışılmamalıdır. Bundan başqa yemək yeməyən uşaqların arxasınca parkda və ya televiziya qarşısında çəngəl qaşıq əldə gəzilməməli, uşağa yemək müəyyən yemək saatlarında ailə ilə birlikdə oturduqda verilməlidir. Çox zaman analar, nənələr bu səhvi edərək uşağın dalınca qaçaraq ona yemək yedirtməyə çalışır və bu da uşaqlar tərəfindən bir manupulyasiya aləti kimi istifadə olunaraq, təkrar təkrar yeməkdən imtina etmək kimi davranışlarla əks olunur. Uşağı qorxudaraq ona yemək yedirtmək bax yeməsən səni cinlər gəlib aparacaq, yeməsən böyüməyəcəksən və balaca qalacaqsan, səni gəlib bizdən alacaqlar tipli cümlələr, uşağın təhtəlşüurunda yer edərək, ona güvənsizlik hissləri verir. Valideynlərin bu cür davranması nəticəsində ünsiyyət əksikliyi yaranır və ona görədir ki, nəvələr doğulandan sonra baba və nənə nəvəyə daha çox bağlanaraq gəncliklərində öz uşaqlarına qarşı etmədikləri sevgini, ünsiyyəti nəvəyə verir və bəzən də nəvəmi uşağımdan daha çox istəyirəm tipli mənasız cümlələr qururlar.

Azərbaycan ailəsinin strukturuna nəzər saldıqda ailə daxilindəki ünsiyyət və qohumluq əlaqələri çox qarışıq və iç içə keçmiş xarakter daşıyır. Bu kimi ailələrdə ailə daxili ünsiyyət və qarşılıqlı hörmət aşağı səviyyədə olduğu üçün, nə ana nə ata nə də digərləri öz yerini bilməyərək hər işə qarışır və uşağın həyatına nəzarət etməyi özlərinin ən vacib məsələsi bilirlər. Uşağın şəxsiyyət kimi formalaşmasında əsas amillərdən biri də distiplinadır. Distiplina ilk baxışdan qatı şəkildə qaydalara əməl etmək kimi başa düşülsədə, əslində uşağın həyata öyrəşməsinin onun cəhdlərinin müsbət şəkildə mükafatlandırılması, nəyi necə və hansı formada etməli olduğunun özü tərəfindən müəyyənləşdirilməsi kimi başa düşülməlidir. Sağlam distiplinada uşaq qanunlara və qaydalara əməl etməli olduğunu anlayır və qoyulan qaydaların bir məntiqi açıqlaması olduğu ona izah edilir və eyni zamanda distiplina vəziyyətə uyğun olaraq dəyişilə bilməlidir və burda cəzalandırmadan daha çox mükafatlandırma əsas olmalıdır. Çünki araşdırmalar göstərmişdir ki, cəzalandırma effektli üsul olmadığı halda, mükafatlandırma ilə uşaq distiplinanı daha yaxşı və dərindən qavrayır və etdiyi səhvlərin nəticəsini dərk edir. Valideyn tərəfindən səhər möhkəm döyülən uşaq axşam evə gələn valideynlərin üzərində bir gülümsəmə gördüyündə hər şeyi unutmuş olub, valideynlərinin onu nə qədər çox sevdiyini düşünəcəkdir. Belə bir ailədə yetişmiş olan uşaq həyatda daima bir sevgi və məna axtarışında olacaqdır.  

Evdə yeni uşaq gözlənilirsə digər böyük uşaqda artıq qısqanclıq hissləri yaranmağa başlayır və özünə olan sevginin bölünəcəyini düşünərək gələcək qardaş və bacısına qarşı nifrət hissləri duymağa başlayır. Bu vəziyyətdə uşağa artıq yeni qardaşın (bacın) olacaq sənin önəmin azalacaq, artıq səninlə əvvəlki qədər vaxt keçirməyəcəyik, daha çox ona oyuncaqlar alacağıq kimi ifadələr işlədilməməlidir. Yeni qardaş və bacısının olacağı ona uyğun bir dillə izah edilməli, hərəsinin ayrı yerinin olduğu bildirməli, uşağın oyuncaqları və paltarları ondan icazə almadan yeni gələn uşağa verilməməlidir.

Uşağın müstəqilliyi və sağlamlığı üçün onu idman oyunlarına yazdırmalı həyətdə, məhlədə məktəbdə sinif uşaqları və dostları ilə oyunlar oynamasına şərait yaradılmalıdır. Adətən ailələr uşağımızın çəkisi azalmasın, sağlam olsun deyə onların idmana getməsinə izn vermir, daima həddindən artıq yemək yedirtməyə çalışırlar. Uşağa kobud sözlər və pis ifadələr öyrədilməməli, vurmaq, qırmaq və s bu kimi aqressiya yaradacaq fəaliyyətlərdən uzaq durmasına çalışılmalıdır. Uşaq ağladıqda onu döyüb zorakılıq tətbiq edib içinə qapanmasına səbəb olmaq və ya ağladığı zaman dözməyərək istədiyi nədirsə onu verib, ərköyünləşdirmək ailə tərbiyəsində buraxılan yanlışlardandır. Şərq ölkələrində adətən uşaq atadan bir şey istəyib, icazəsini ala bilmədikdə anasının köməkliyi ilə ataya yaxınlaşır və ana vasitəçilik edərək atanı yumşaldıb, uşağın istədiyi hərəkəti etməsi üçün danışıqlara başlayır. Nəticədə müəyyən bir ssenari üzrə tamaşa qurulur və bu modeldə ana vasitəçi və aranı düzəldən ataya qarşı övladını qoruyub, onun daha çox sevgisini qazanan biri kimi çıxış etmiş olur.   

 Bizim ailələrin düşüncəsinə görə uşaq həmişə üşüyən, xəstə olma ehtimalı yüksək, hər zaman ac və zəif immunitetlidir. Azərbaycanda ən yaxşı ana uşağını ən qalın geyindirən anadır. Parkda, həyətdə uşaq o qədər qalın geyindirilir ki, uşağın rahat hərəkət etməsi mümkün olmur və yoldaşları, dostları ilə rahat oynaya bilmir. Digər vacib bir məsələ isə valideynlərin daima uşağın iştahsızlığından şikayət etməsidir, hətta birazda irəli gedib deyə bilərik ki, Azərbaycanda iştahlı uşaq dünyaya gəlməmişdir, bütün analar uşaqlarının az yediklərindən, iştahsız olduqlarından şikayətlənirlər. Uşağının qarnını tox edib, əynini qalın geyindirən valideyn ən vacib missiyanı yerinə yetirmiş və layiqli valideyn statusunu qazanmış deməkdir.

 

Rövşən Hümbətov

Psixoloq, Gənc Psixoloqlar Birliyinin (GPB) baş katibi

Go Back

Sorğu göndər