Düşüncə Jurnalı

header photo

Hər şeydən ən önəmlisi və müqəddəsi ana ola bilməkdi qadın olmaq - XATİRƏ NURULU

                        

          Qadın olmaq. Hər kəsi bu düşündürür. Soruşsanız hamı bunu dünyasınaməxsus formada cavablandırmış olacaqdır. Bu cavabı verə bilməm üçün düşünürəm lap əvvəldən başlamaq gərəkdir.

           Fikrimcə qadın olmaq- bəzən dünyaya gözünü aça bilməmək, daha bir parça ikən hissələrə ayrılaraq parçalana bilməkdi. Bəzən dünyaya gözlərini açdıqdan sonar ilk yaşlarından etibarən, daha özünü dərk etmədən qadınlığı dadmaqdır. Bəzən özünü və gələcəyini xilas etmək üçün gizlincə, qorxa-qorxa açıb oxuya bildiyin kitablardı qadın olmaq. Bədbəxtliyinə səbəb olan gözəlliyin, təravətinlə fəxr edə bilməmək, lənətləməkdir bəzən. Dima sözlərinin, gözlərinin, baxışlarının, hərəkətlərinin izlənməsi və buna mane ola bilməməkdir. Sevdiyin insana “səni sevirəm” deyə bilməməkdi qadın olmaq. Hər zaman işğal olunmağa, dağıdılmağa çalışılan qalanı müdafiə etməkdir.

           Hər şeydən ən önəmlisi və müqəddəsi ana ola bilməkdi qadın olmaq. Fikrimcə hər qadına ana olmaq və hər Anaya qadın olmaq yaraşmaz. Analıq qadınlığın kamil pilləsidir. Müqayisə edin: autistik, xəstə, ölümünə az qaldığını, körpəsinin onu anlamadığını bildiyi halda gözlərindən yaş axa-axa xoşbəxtliklə mahnı oxuya bilən qadın və həyatının hər ağrı, acısını, bədbəxtliyinin, xoşbəxt ola bilməməsinin səbəbini məsum körpədə görən qadın. Düşünürəm bu cümlələr arasında tanış gələn səhnələr sizə də mövcuddur.

            Deyirlər, qadınları anlamaq çətindir. Bu cümləni dünyasında anlayış və sevgi mövcud olmayan kəslər qura və ifadə edə bilir. Mən hər kəs kimi qadınları anlayın, onlara dəyər verin, hörmət edin deməyəcəm.  Xeyr. Qadın olmaq- qadın olmağın nə olduğunu anlaya bilməkdir və buna görə də hər kəsdən, bütün dünyadan öncə özünü anlayıb, özünə dəyər verib, hörmət etmək, bax bu əsl qadınlıqdır. Bunu anladığınız an qadın olmuş olarsınız.                                                                    

                                                                                              Nurulu Xatirə

                                                                  

 

Go Back

Sorğu göndər