Bu suala cavab verməmişdən öncə qeyd edim ki,həmişə məşhur və sevilən yazar olmaq istəmişəm.Amma heç vaxt buna cəhd belə etməmişəm.Çünki mən qadınam,məşhurluq sevdasına düşə bilmərəm və bu kiçik məqalə ilə məhdudlaşmalıyam.
İndi isə mövzu barədə.
Bətnindəki körpənin cinsiyyətini yoxlatdırmağa gedən bir qadın düşünün.Ürəyində qız istəsə belə o “qızdır” sözünü eşitməməyi necə də çox arzulayır.Çünki oğul dünyaya gətirmək fəxrdir,baş ucalığıdır,kişinin oğlu olar.Bu cür düşünən atalar qız uşaqlarından imtina edir.Bu ataların bəziləri etiraf edir ki,qızım olsa onun həyatını zindana çevirəcəm,özümdən asılı deyil,ona görə də dünyaya gəlməsin.Ən yaxşı halda isə övladına qıymayan atalar oğul övladı dünyaya gələnə qədər mübarizəni davam etdirir.Yəqin ki,4-5 bacının bir qardaşı ilə çox rastlaşmışsınız.Bu bacıların daha sonra hər birinin ən ümdə borcudur ki,həmin qardaşı əl içində saxlasınlar.Göründüyü kimi artıq dünyaya gəlməmiş taleyi bəlli olan bir varlıqdır Qadın.
4nəfərlik bir ailə.Ata,ana,bacı və qardaş.Bir çox hallarda bu ailələrdə bacılar 2-ci planda qalır.Qardaş istədiyi qədər pul xərcləyə bilər,harada və necə istəyir təhsil ala bilər,hər arzusu yerinə yetməlidir və bir sözlə,demək olar ki,çox vaxt bir bacı,bir qardaş olan ailədə bütün sevgi və diqqət qardaşa verilir.
Təhsil almaq istəyən qadın olmaq nə deməkdir ? Sən ailənin,tanışların,heç vaxt görmədiyin qohumların məsləhəti ilə ixtisas seçirsən.Çünki mütləq qıza uyğun bir sənət seçilməlidir.Bu,əksər hallarda,həkim və müəllimə olur.Digər bir peşə dalınca getsən bu onlar üçün mənasızdır,yalnız diplom xatirinədir.Xaricdə oxumaq istəsən isə bu absurddur. “ Ailə qurub gedərsən” aldığımız ən yaxşı cavabdır.Elə bilirsiniz,ailə qurandan sonra getmək olar ? Yox,çünki artıq toydan bir ay sonra zəng edib nəvələrinin nə vaxt olacaqlarını xəbər alırlar.Çox savadlı və qabiliyyətli olmasına baxmayaraq təhsilini müəyyən yerdə bitirməli olan xanımlar var.Çünki bəzən bunun üçün ödəniş tələb olunur,ödənişli isə yalnız qardaş təhsil ala bilər.Bu məsələnin yaxşı tərəfləri idi.Məktəbi qurtaran kimi "qız uşağıdır,gözü açılmamış başımızdan rədd edək getsin" düşüncəsi ilə o qədər məcburi ərə verilən,oxumaq arzusu ürəyində qalan qızlar var...
Küçədə tək gedən bir xanımla yaxın məsafədə bir kişi gedirsə,xanım gedəcəyi məsafəyə çatana qədər nə qədər həyəcan keçirir.Bura avtobusda yanında kişi oturan,bir neçə kişi bir yerdə durubsa yolunu dəyişməyə məcbur olan xanımlar da daxildir.Məcburiyyətdən qaranlıq vaxtı dərsdən və işdən qayıdan xanımların isə durumu daha acınacaqlı olur.
Yanında atası,qardaşı,həyat yoldaşı olmasına baxmayaraq xanıma göz vuran,söz atan kişilərin də günahını xanım çəkməli olur.Çünki çox vaxt bunu hiss edən ata,qardaş,həyat yoldaşı əsəblərini cilovlaya bilməyib cinayət işlədir və arxa-dayaqsız qalan xanım olur.
Ailə qurmağımız da asan başa gəlmir.Ailələrin tanışlığı və iştirakı ilə yaxın qohum,ailə dostu,illərin tanışı, bəzən isə heç vaxt görmədiyimiz,tanımadığımız biri ilə ailə qurmağa məcburuq.Bu azmış kimi onu qısa müddətdə sevmək,ər evində baş verən hər haqsızlığa dözmək də borcumuzdur.Çünki yuxarıda sayılan yaxınlarla valideynlər üz-göz olmaq istəmir.Hələ birdə sən öz bacınla həm də qayın arvadısan və yaxud qardaşın həm də baldızının yoldaşıdırsa vay halına.Hər şiddətə rəğmən səsini çıxara bilmərsən,çünki sənlə bərabər bacı ya qardaşın da ailəsi dağıla bilər.
Sürücü xanımlar var.Hər addımda kişilərin təzyiqləri ilə qarşılaşırlar. “ Arvad nədir,maşın sürmək nədir” fikri ilə yaşayan kişilər onların həmişə qaydaları pozduqlarını düşünürlər.Bahalı maşın sürürsə o xanım mütləq kiminsə qeyri-qanuni yaşadığı bir qadındır.Ona bu maşını atası,qardaşı ala bilməz,yaxşı qazancı olan həyat yoldaşı da hədiyyə edə bilməz.
Karyera quran xanımları xatırlayaq.Yoldaşı ilə bərabər ( bəzən ondan da artıq) işləyib qazanc gətirən xanımlar üstəlik ev işlərini də görməli,uşaqlarının qayğısına da o qalmalıdır.Ən pisi bütün bunları edən bəzi xanımlar var ki,yoldaşı əmək qabiliyyəti olduğu halda xanımının qazancı ilə yaşamağı üstün tutur,hətta onu incitmək,döymək və söyməkdən də çəkinmir.
Xəyanətə uğramış qadın olmaq nə deməkdir ? Öz evində həyat yoldaşını yaxın qohumu ilə yataqda görən bir qadın yoldaşı tərəfindən döyülərək susdurulur.O bunu heç kimə deyə bilməz,ayrıla bilməz və ümumiyyətlə bu hadisəni unutmalıdır.
Ailə başçısını itirmiş bir qadın.Övladlarını boya-başa çatdırmaq üçün nə qədər əzab çəkir.Çünki o bir daha ailə qura bilməz,o yalnız övladlarını düşünməlidir və bütün həyatı boyu diqqət etməlidir ki,hər kəs onun halal yolla pul qazandığına əmin olsun.Belə bir ifadə var,uşaq atadan deyil,anadan yetim qalır...
Ailəsindən ayrılan xanımlar da var.Həmin xanımlar iş seçərkən çox diqqətli olmalı,mümkünsə öz ata evinə geri dönməli,tək yaşamamalıdır.Çünki o tək yaşadığını inandırmaq üçün bir xeyli əziyyət çəkməli olur.Əgər baxımlı bir xanımdırsa,o artıq bir xeyli əziyyətlə də tək yaşadığını inandıra bilməyəcək.Ümumiyyətlə bir xanım çox baxımlıdırsa,onun həyatında mütləq kimsə var,özünə fikir vermirsə,onda o zövqsüzdür,geridə qalmışdır,həyat yoldaşı tərəfdən xəyanətə də layiqdir.
Qadın hissləri var birdə.Hər hansı bir problemin həlli yolundan,evdə,ailədə olan çatışmazlıqlardan danışırsa,o,deyingəndir.Ağlayırsa,küsürsə uşaq ağlındadır.Qayğınızı çox çəkirsə zəhlə tökəndir,heç çəkmirsə arsızdır.İçki düşkünü birisinizsə,sizi bu yoldan çəkindirməlidir,amma içib gəlmisinizsə,sizin hər axmaq hərəkətinizə göz yummalıdır.Qohum-əqrəba yanında onu alçaltmağınıza dözməlidir.
Əgər heç vaxt bu sadalanan hadisələr başınıza gəlməyibsə necə xoşbəxt olduğunuzu düşünün.Çünki təəssüflər olsun ki,bu hadisələr başına gəlmiş o qədər xanım tanıyıram ki...
Kişilər,cənnət qoxuyan varlıqları incitməyin,onları qoruyun.Hər zaman sizin qayğı,diqqət və sevginizə ehtiyacları var.Yalnız qadın 9 ay bətnində bir varlıq daşıya bilər,hamilə ikən şiddət və təhqirlərə məruz qalsa da susar,dəfələrlə ona təcavüz edən adamla ailə qurmağa məcbur edilə bilər,ailəsini dolandırmaq üçün ata evində şahzadə kimi yaşasa da xadimə də işləyər,yoldaşı işləməyinə razı deyil deyə 12 illik tibb diplomunun toz basmağına razı olar,ailəsi dağılmasın deyə qaynana və baldızın hər pisliyinə göz yuma bilər,yorğanının altında hönkürtü ilə ağlasa da heç kimə bunu hiss etdirməyib gülərüzlə qarşınıza çıxar...Qadın çox şeyə qadirdir. Qadınlar zəif deyil,zərif məxluqlardır.Məşhur Azərbaycan filmində deyildiyi kimi “ QADIN BÖYÜK QÜVVƏDİR”...
SEVDA RZASOY