Düşüncə Jurnalı

header photo

Qadın tam bir dairədir. İçində yaratma, bəsləmə və döndərmə gücləri vardır - VEİS QURBANOV

11-03-2016

    Sözlərimi təbiət alimi Diane Mariechildin sözləri ilə başlamaq istərdim. "Qadın tam bir dairədir. İçində yaratma, bəsləmə və döndərmə gücləri vardır". Bəli, Mariechildin düşüncəsindəki kiçik bu cümlə çox böyük bir fikri ifadə etməklə yanaşı qadının tanrıya bərabər bir güc, qüvvə olduğunu əks etdirir. Qadın eyni zamanda bəşəriyyətin davamçı qolu, tanrının yaratdığı ülvilik, gözəllik, təmizlik rəmzidir. Qadın kimdir? Qadın olmaq nədir? Qadınlıq hissi nədir? Bu suallar ta qədimdən bu günə qədər insan övladını düşündürmüş, qadının müxtəlif anlayışların məcmuu halı kimi qələmə vermişlər. Qadın uşaqdır-o doğularkən ağlayar, bəzən onu sevməzlər, bəzəndə onu tapmazlar. Qadın yeniyetmədir-o çox gözəldir. Hər kəs ona heyranlıqla tamaşa edər. Bəzən həddən çox küskün, bəzəndə həddən çox sevimlidir. Qadın gəncdir- Hisləri ilə düşəncələri fərqlidir. Hər kəs ona sahib olmaq istəyər. Bəzən hisləri onu aldadar, bəzəndə onu əhatə edən mühitin təsiri altında hislərini gizlədər.  Özünə qapanıq həyat sürər. Bəzən öz həyatını yaşamaz, sevməz, bəzəndə sevdiyi üçün hər şeyi edər. Qadın həyat yoldaşıdır- Sevən, hörmət bəsləyən, sadiq, namuslu həyat yoldaşı.O həm sevgilidir, həmdə dostdur. Gedə bilməyəcəyin sonunucu dayanacağı sənə görə sona qədər gedən addımlarını geri çevirməyən həyat yoldaşı. Qadın anadır- Bəşəriyyətə övlad bəxş edən ana! Ulularımız demiş, kirpiyi ilə od götürüb, yuxusuz gecələrində bezməyən, balasını canı ilə, qanı ilə bəsləyən Ana! Bəzən övladı üçün nağıl qəhramanı olan, bəzəndə həzin laylaları ilə bülbül ehtivası çıxaran xanəndə Ana! Qadın mələkdir-"Qadın elə bir mələkdir ki, bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir".( Avreli Avqustin).

     Tarixin müəyyən zamanlarında qadınlara acizlik, ağılsızlıq, cahillik, saf və bacarıqsız bir varlıq kimi baxmışlar. Qadın bu yalnış qaydalar istiqamətində özünü bu görünüşə salır və bu ruhu yaşamaq zərurəti istər-istəməz qəbul edir. Özü üçün müəyyən  edilən bu əhval onda bütün rəftar və davranışları ilə fərqli bir şəxsiyyəti meydana gətirir. Bu ruhi və psixoloji zəifliyin  onun qadın olmasının  gərəyi olduğu və bunun təbii olduğu yanlışlığı şüura yeridilmişdir. Cəmiyyətin qazandığı ağılsızlıq, cəhalət, bacarıqsızlıq rolunu mənimsəyən qadın zamanla, həqiqətən, ağılsız, bacarıqsız və cahil hala düşümüşdür. Bəzi zamanaların tələbləri qadının  ancaq onu qadın edən xüsusiyyətləri ön plana çıxa bilər. Ağıl və əxlaq gözəlliyinin yerinə üz və bədən gözəlliyi, cazibədar olması, baxımlı və emosiyalı olması kimi. Bəzi zamanlar isə qadına cinsi istismar vastisəsi kimi baxılmışdır. Hətta qadının doğulan kimi, diri-diri basdırılması kimi anlarıda olmuşdur. Zamanın verdiyi bütün bu çətinliklərə baxmayaraq qadın öz adını qoruyub, adındakı böyük külliyatı saxlamışdır. Qadın elə hər birimizin düşüncəsindəki başı bağlı, nurani üzlü, gözü yaşlı ,3 hərfli kiçik ana kəliməsində birləşdirən sözün sinonimidir. Ey bəşər övladı bizi dünyaya bəxş edən "ikinci yaradan" qadınlarımızı sevək, onlara hörmət edək, əllərindən öpək, qadınlara şiddət edən cəmiyyətə qarşı çıxaq. Əslində qadını ifadə etmək üçün bir ömür bəs etməz. Bəlkə də qadının gücünü görməyənlər və onun gücünə əhəmiyyət verməyənlərdir onu zəif bilən. Ya da ki, onu dərk etməyənlərdir zərifliyini zəifliklə ittiham edənlər. Əslində qadının dəyərini bilənlərin söylədiyi ən gözəl sözdür qadın sözü.  Sonda məqaləmi qadınlara yazdığım kiçik bir şeir parçamla bitirmək istərdim.

                               Qadın olmaq bir şərəfdir,

                               Qadınlığı bilən üçün.

                               Qadın olmaq bir fərəhdir,

                               Hər həyata gələn üçün.

                                O anadır, o bacıdır.

                                O qeyrətdir, baş tacıdır.

                                O bibidir, o xaladır.

                                 Hər bir dərdin əlacıdır.

VEİS QURBANOV

Go Back

Sorğu göndər