Düşüncə Jurnalı

header photo

Tünzalə Talıblı - 365 GÜN 6 SAAT SEVGİ

04-02-2015

                                                                                               

Sevgi nədir?

Sevgi = 365gün 6saat Sevgi..

Sevgi gözlərin bağlanaraq ruha, ruhun isə qəlbə təslim oluşudur.Sevgi günəşin torpağı istidən qovurduğu anda torpağın yağışa duyduğu həsrətdir.Sevgi yer üzünün göy üzünə həsrəti bitirsin, yağışı torpağa qovuşdursun deyə yalvarışdır. Sevgi...Həm sevinc,həm kədərdir. İnsan həyatının doğulduqdan sonraki"ilk doğuşudur"sevgi.Sevgi bir ömürdür.Ömür illərdən,il fəsillərdən ibarətdir.Elə isə sevgi 4 fəsildən ibarətdir.

İlk gəlişiylə möhtəşəm yaz fəslidir sevgi.İlk dəfə 1-0 hesabla qəlbin beynə qalib gəlişidir sevgi.Qəlbinə günəş doğan kəsin gözlərindəki parıltıdır sevgi.Əslində isə ilk pırıltıdır sevgi.İlk pırıltılı ürək döyüntüsü,kəpənəklərin ilk pırıltılı qanad çalışıdır sevgi.Bəmbəyaz kəpənəklərin mor bənövşələrə uçuşudur sevgi. Sevgi yaz fəslində həyatın oyanışıdır. İlk qönçəsini bağlayan çiçəklərin yanaqdakı qəmzəsidir sevgi.Ağacların ilk tumurcuqlayışıdır sevgi.İlk heyati sevincdir sevgi.Yaz çiçəklərinin torpaq altından ilk baş qaldırışıdır,dağların başında buz tutmuş qar dənələrinin doğan ilk isti günəşlə əriyərək torpağa qovuşmasıdır sevgi...

Sevginin ən gözəl,lakin ən ağrılı fəsli yay fəslidir.. Gözəldir yay fəslində sevgi - ağacların ilk bəhrəsini gördüyü ilk meyvələridir,günəş tək isti,dəniz tək sərindir yay fəslində sevgi.İlk çiçəyini açan qönçələrin ilk və ən gözəl qoxusudur sevgi.Çağlayan coşqun çayların dənizlərə qovuşması,bəyaz göyərçinlərin ilk yuvasında qabığından çıxan ilk körpəsinin verdiyi sevincdir sevgi.. Ağrılıdır yay fəslində sevgi -isti günəşin torpağı yağışa həsrət buraxışıdır sevgi.Yağışın həsrətini çəkən torpağın gündən-günə ümidsizləşərək susuzluqdan çatlayışıdır sevgi, eyniylə qəlbin öz çırpınışlarıyla ruhda yaratdığı çatlaqlar kimi..

Sevgi payız fəslində.. Günəşdən nəsibini alan torpağın yağışa duyduğu həsrətin bitişidir sevgi.Yeni doğulmuş körpə kimi gözlərini ilk açışıdır payız fəslində sevgi. Yağışın gəlişiylə çatlaqların birləşməsi,lakin ağacdaki saralan yarpaqların son əsintisidir sevgi.Yağışa qovuşan torpağın indi günəşə həsrətlə baxışıdır sevgi.İlk meyvələrin son saplaqlarının ağacda qoyduğu izlər kimidir sevginin qəlbdə qoyduğu izlər. Mor bənövşələrin torpaqda kök salışıdır sevgi,qəlb qırıqlığının könüldə kök saldığı kimi. Sevginin payız fəsilində nə yazın ilk tumurcuqlarından,nədə yayın al-əlvanlığından əsər-əlamət qalır..

Sevginin qış fəsli ən soyuq olanıdır..Günəşin istisindən parıldayan gözlərin soyuq və dondurucu baxışlarıdır sevgi. Yağışın yuduğu torpağın bəmbəyaz qarla ötrülməsidir qış fəslində sevgi. Sevginin son mərhələsidir qış fəsli..Bütün rənglərin hətta göy qurşağının belə ürəyə küsməsidir son mərhələsində sevgi. Bəzən son mərhələsində çılpaq ağacların şaxtadan donuşu,bəzən isə bütün yaşananlara baxmayaraq yenidən yaz fəslini gözləyişidir sevgi,sanki bütün bu yaşanan anların qarın məsum rəngi ilə örtmək istəyişi kimi.

Sevgi bitti və unudulacaq deyə bir düşüncə yatır insan beynində çox zaman.İnsanlar bunun fərqinə varmalıdırlar-ağacların ilk tumurcuqları saralıb töküləndən sonra növbəti tumurcuqlar üçün iz qoyar.Sanki növbəti tumurcuqların yerini müəyyənləşdirmək istəyirmiş kimi.4 fəslin sonunda tumurcuqların izləri insanlar üçün təcrübə olaraq topanar.365gün 6saat boy atan ağac isə artıq daha dayanıqlı,dözümlü,ən önəmlisi isə təcrübəlidir bütün fəsillərə qarşı...

Tünzalə Talıblı

Xəzər universiteti,ixtisas psixologiya ,4-cü kurs. 

Go Back

Sorğu göndər