Seymur Su - "Səndən öncə, səndən sonra" kitabından "Ağac" şeri.
1. mən sevgiliyəm qağayıların səslərinə.
sən mənim içimdə çağlayan dənizim olmusan..
ölülər günlərlə unudulur, üçü, yeddisi, qırxı unutdurur onları..
axı sən ölü deyilsən, axı sən illərlə doğmalaşırsan..
artıq neçə illik əzizim olmusan..
keçib illərin: birin, ikin, üçün..
metro çıxışlarında axtarırsan məni,
sənsizliyimin borcunu almaq üçün..
qarğışlarını sırala, arxamda qalan yollara..
deyəsən elə təkcə mənə çatır gücün..
2. heç bir şerə, mahnıya sığışmır
tənha gecələrin tək yolçusunun
yalnızlıq ölçüsü..
o qədər uzaqsan ki,
o qədər gedər-gəlməzdir ki,
yolların tapa bilməz sənin gəzdiyin küçələrin
mənsizlik harayını,
Bakının ən tanınmış görücüsü..
3. təqvimlərin də bitdiyi bir nöqtə var
bir rəqəmi dəyişməyə görə nələrindən keçir bu insanlar
özlərinə saxta gülüşlər
rəngli geyimlər alır ağ-qara fikirlərin arasından sızaraq..
dünyanın da sona çatdığı ölkə var
bu şəhərlərin də sonuna çıxacaq
bu yolların da ipini tutub saxlayacaq
bir yer var, binaları ucaldır,
dabanların altını qazaraq..
4. haralardasa günəşi məğlub edə biləcək kiçik kölgə var
paxılam onun sərinliyinə..
həyatın sirrlərini saxlamışam,
ovcumda,
bir gün üzümə dayanarsa yaşanılanlar..
o qədər kin yığılıb ki, faşistlərtəki
arada ağızdan çıxır,
getmir heç harasa,
dəyir çiyinə..
bəzən sadə günlər, sadə,
sözü üzdə olan insanlar axtarışındayam,
yorulmuşam dayaz boğazların kəlmə dərinliyinə…
5. sanki
gölməçələr – yeməyim
sanki
ayaqqabılar – çörəyim
arada dabanlarımı iştahla batırmaq istəyirəm
quma, suya, gölməçələrə..
səmimiyyətdən uzağam
öyrəncəliyəm "bəlkələr"ə, "sadəcələr"ə.
arada batmaq istəyirəm başdan ayağa kimi palçığa.
Bakıdan yağış səsi çıxmır,
elə bil düşüb acığa.
aclar belə istəyirəm,
bu sözümü duya:
o qədər acam ki..
6. hər əşyanı üst-üstə yığacam ki,
yandırarsan.
yanmış parçaları toplayıb
bu qalmış son xatirələri
özünə çox əziz olduğu üçün
muzeyə bağışlayarsan..
güneydəki günəşin gülüşündəki əzginliyi
hopdurarsan əllərinə
məni görən quzeyə bağışlayarsan..
mənzərən böyümür sevgi obyektivimdə şair olmaq üçün
o qədər yığcam ki..
7. bir qaralamalıq
kağızım, vərəqim var.
gülüşümdə heç kəsin görmədiyi
şüam, işığım, şəfəqim var
bir dərmanlıq gün qalıb,
bir dualıq məscidə gedişim.
nə söz qalıb, nə də onları saxlayacaq dişim..
bir nəfəsim var
küləklərin içimdəki var gəlinə uyğun fırtına dolu..
bir yuxum var
bir ömürlük həyatın ağrılarına dözmək üçün
yaşayıram gözü yumulu..
bir gün elə yatacam ki…
8. sağım solla qalıb mübahisədə,
altım üstümlə müharibələrdə,
hələ qarşıdan gələn sənsizlik yumruğunu,
girməyimə qadağa qoyulan
xoş günlər qoruğunu,
arxadan gələn gediş peşmançılıqlarını demirəm..
ümid çağırışları,
nifrət siqnalları,
sevgi qışqırıqlarını,
qanımın damarlarımla olan
düşmənçiliklərini demirəm..
mən xaraba şəhərdə heç kəsin sevmədiyi
tıxacam ki..
9. içmişəm Xəzərdən,
içim titrəyir.
deyəsən bu günlərdə yanından keçmişəm
ayaqlarım hər addımında büdrəyir..
dişlərim..
sabah xoşbəxtliklərini
acımasızcasına çeynəyir..
yemişəm ümidlərdən bir neçə qaşıqlıq,
mədəm deyəsən göynəyir.
içmişəm Xəzərin çirkini..
- neynirsən, bilmirsən intihardı bu etdiklərin?
- ehh, onsuz da hər yer bulaşıqlıq..
10. sərxoşam bilirsənmi?
bu günlərdə Kafkaya döndüyümdən qorxuram.
düşmənlərimdən qorxmuram, dostum,
əzizləyib, öpdüyümdən qorxuram.
qapanmışam qapının arxasına..
şəhərim, evim, içim, sözüm yoxdu - bir sözlə boşam
heç həvəsim də qalmayıb
hansısa bir xəbər üçün dağılam, töküləm, coşam..
gəl qapımı döy
bütün hər şeyin
hirsini, əsəbini səndən çıxacam
saçlarını çiynimə o qədər sıxacam ki..
11. parça-parça, hissə-hissə olub
evinin damına yağacam ki,
əllərini göyə qaldırıb
dua edəsən Allaha
mənim üçün
neçə illərdən sonra
birinci dəfə..
belə bir savaba bataram sənin kimi dindar dilindən belə desək..
bəlkə dua edəsən Allaha
məni səbəb gətirərək?
mən qalmamağa hazıram uzağında..
bəlkə o sevdiyin Allaha doğru tələsək?
tövbə etmək istəyirəm
sənin əllərinlə gedim onun hüzuruna
mən günahlarımın sayını-hesabını itirən
sayğacam ki…
12. keçmişə dönməkdən acığım gəlir.
zamanın lüğətində
“önə” var,
“geri” yoxdu
arada sənsizliyə belə yazığım gəlir
məndən başqa gedəsi
yeri yoxdu
13. qayıdacam,
gözlərinə bir daha elə baxacam ki,
qorxmayacaqsan əvvəlkitək..
işıqlı prospektin
maşın şüşələrinə, fotoqraflara baxması kimi
mən elə bir ağacam ki,
yarpaqlarımı alıb aparan qızıl payızın
qışdan qorxub qaçdığı
daldalandığı
sınıq, sökük daxması kimi..
əriyib, əriyib, süzülmək istəyirəm
köynəyimin içində
yağış damcılarının ürək boşluğumdan
döş qəfəsimə şırıltıyla axması kimi..
2. Seymur Su - "Səndən öncə, səndən sonra" kitabından
"İcazə ver içim" fəsli
Demişdin, unut..
Hər şeyi unutdum
- səndən başqa..
Demişdin - ...
Nə demişdin?
Unutmuşam..
Yaddaşım qurusun!
İcazə verirsənmi bu gecə
sevginə ac olan çirkli qəlbimi
içkilər yusun..?
* * * * *
- İçmə!
- Ya mənim zədəm?!
- Ya mənim dərdim?!
Dayanmazdım bir gün belə..
Qayıtmayacağını bilsəm buralardan nə gedərdim..
* * * * *
Sənsiz unutduğum Allahı,
sənin gözlərində tanımaq istərəm,
bilmək istərəm..
Sənsiz yağan yağış damcılarını
məxmər çiçəyinin ləçəklərindən silmək istərəm..
Tap o adamı..
Gülüşündə doğulan,
gözlərində boğulan,
daima sənə etiqad edən oğlan..
Tap o adamı..
Balaca otağına
saray kimi zəngin olan ruhunu dustaq edən,
o susan dodağıyla,
qızılı gülüşüylə,
səni səndən alan
Seymurun görüntüsünü
divarlarda, hansısa xatirənin sızıntısıyla..
Tap o adamı..
Qısqanmağı bacarmayan,
yolları qaçammayan,
buzları açammayan,
qar adamı olan məni..
* * * * *
Tap o adamı..
Boğulan rəngimdən tanı -
- zəhər içib şerlərə sevgi qusan..
Arada sənə gələn
qırıq-qırıq zəngimdən tanı -
- danışmaq istəməyən,
istəyən, amma susan..
* * * * *
Yaşanılanı
- içkisiz mümkün deyil anlamaq,
Yaşanılmayanları – cib dəftərçəsində gizlədəcək qədər utancağam..
Ayrılıq - bu dünyanın bəzən ən ədalətli qanunu..
Barışıq – bu dünyanın bəzən ən ürəksiz atılan addımı..
* * * *
Bir mövzu aç, bizdən fərqli
Sanki dostuq, uzun illər olub görüşməyəli
Əlini sıxıb, qəlbimə yaslayacaq qədər
içdən gülmək.. Görünüşümüz ya saxtadı
ya daxildən, ya da özgə..
Bir gün axtar məni -
- ya taparsan məndən heç kimsənin xəbərsizliyini;
- ya bir xarabalıqda sümük yığını; ya da kölgə..
* * * * *
içdiyimə görə belə içdən yazmışam hərfləri yanaşı..
Bağışla utandırıram səni
saf hisslərimə görə..
Söz verirəm bir də içməyəcəm.
Bizim aramızda divarlar, sütunlar, dəmir qapılar
söz verirəm:
- Bir də o sərhədi keçməyəcəm.
* * * * *
Tap o adamı:
- demək üçün
- danışmaq üçün..
Tap o adamı:
- gəlmək üçün
- barışmaq üçün..
Seymur Su