Düşüncə Jurnalı

header photo

Cəlil Cavanşir - ŞEİRLƏRİ

07-11-2014

***

bilirsən də, 
mən darıxan adamam
bilirsən də,
çox içirəm gecələr
bir də hava tutuldumu...
zülümdü!
sonra hamı yaddan çıxır
yada düşür bir nəfər...
allah haqqı darıxıram
qurban olum qayıt gəl...

bir az saat əqrəbləri, 
bir az gecə vicdansız
qıvrılıram, 
sıxılıram
ürəyim səksəkədə
niyə belə daşürəksən, 
niyə belə amansız?
qayıtsaydın, 
sabahacan sevişərdik 
bəlkədə...
allah haqqı darıxıram
qurban olum qayıt gəl...

indi elə tənhayam ki
indi elə təkəm ki,
biri çağırsa adımı,
diksinərəm səsindən
lənət olsun bu gecəyə
mən elə sərxoşam ki
gəlsən bir də viski al gəl,
beləəə...
lap yekəsindən
allah haqqı darıxıram
qurban olum qayıt gəl...

gecə hələ yarı deyil
siqaretim qurtarıb...
kimə deyim “siqaret ver”
axı mənim kimim var?
bilirəm ki, gələcəksən
siqareti unutma
bircə qutu bəs eliyər
təki çıxım sabaha
sabah özüm də alaram...
vicdan haqqı pulum var
allah haqqı gicləyirəm
qurban olum qayıt gəl...

***

sən elə bilirsən,

məni tərk etsən

göy üzü çökəcək, ulduz axacaq

gecə düşməyəcək,

gün doğmayacaq?

gör kimlər tərk edib, unudub, atıb

eh, hardan biləsən səndən öncə də

bunu yaşamışam

bir az darıxıb

sonra alışmışam bu get-gəllərə.

bilirsən,

əvvəl də gedən çox olub

gör kimlər ağladıb,

kimlər ovudub.

sonra peşman olub geri dönənlər

arxamca qan-qarğış edən də olub

ürək üzü bərkdir, çoxdan unudub...

çoxdan unudulub

çıxıb gedənlər...

sən də hamı kimi çıxıb gedirsən

nə fərqi

kimsə var,

ya kimsə yoxdu.

bizdə qadın çoxdu kişi sayından

bir də nə fərqi var sevənim çoxdu?

Vallah, vicdan haqqı

inan sözümə

hələ ki, yerinə namizəd yoxdu...

gedirsən,

bu qədər kandarda durma

qapını tez bağla

hava soyuqdu...

məndən gedənlərdən xəbər al,

soruş.

yaman laqeyidəm

etibarsızam.

“yaman unutqanam,

ürəyi daşam.”

sənə deyəcəklər necə adamam.

sənə deyəcəklər necə “oğraşam”.

mən yorğun adamam, bağışla, çıx get

çıx get,

nə qədər ki, ağlamamışam.

sən elə bilirsən bütün şairlər

içir,

tənha qalır,

sonra ağlayır?

sən elə bilirsən tərk edilənlər

dəbdən yox,

dərdindən saqqal saxlayır?

sən elə bilirsən,

həzin mahnılar

sənin boşluğunu doldurmayacaq?

elə bilirsən ki, daha bu evdə

heç kəsə şeirlər oxunmayacaq?

vallah,

vicdan haqqı,

narahat olma.

vallah düz sözümdü, çıx get, yubanma

məni xoşbəxt etmir birlikdə olmaq

mənim ki, yalqızlıq,

təklikdi ancaq.

bir də qadan alım

açarı qoy get,

qapını bağlama,

gələn olacaq...

***

Bu gün anladım ki,
sən heç vaxt mənə xəyanət etməmisən
amma ərinə xəyanət etmişdin
onun aldığı paltarlarla görüşə gələndə.

mənə yalan danışmamışdın heç vaxt
ərini aldatmışdın;
“Səndən hamiləyəm” deyəndə
xatırlayırsansa o zaman
məndən qalmışdın hamilə
Dilini yalanlara,
bədənini xəyanətə öyrətdin Cəmilə...

məni heç vaxt tək qoymamışdın,
sadəcə ərinin yanına -
aid olduğun yerə qayıtmışdın...
məni atmamışdın...
sən mənə xəyanət etməmişdin Cəmilə
ərini aldatmışdın mənimlə...
o uyuyanda öz yatağında
sən onun aldığı alt paltarlarını soyunurdun
mənim yarıqaranlıq otağımda...

sonra onun aldığı yataqda,
kirayələdiyi otaqda
sevişdik
sonra onun aldığı şampunla yudum saçlarımı
o gündən saçlarım tökülür...
indi gör neçə nəfər keçəl qalıb,
allah bilir...

bir gecə utanıb,
divardakı toy şəklini tərsinə çevirdin
nişan üzüyünü atdın otağın qaranlıq küncünə
sonra mənim köynəyimi geyindin əyninə
sonra ağladın,
mən isə səni tutdum dilə
“xəyanət bu deyil,
bu nədirsə,
başqa şeydir Cəmilə”

sonra ərinin aldığı içkidən içdik,
onun ezamiyyəti şərəfinə...
pəncərədən süzülən şəhər işıqları
gözümü deşməyə başladı
vicdanım oyandı o gecə, utandım...
ərinin adını pıçıldadın qulağıma
sonra “çaşdım” dedin, gülə-gülə...
Bax bu xəyanət idi Cəmilə...

sonra həyatında başqa kişilər peyda oldu
mənim verdiyim taksi puluyla
bahalı otellərə getdin
onları da özünə öyrətdin
onları da saldın zibilə
bədənin başqalarına öyrəşdi, Cəmilə...
görəsən xəyanət nədir, Cəmilə?

bu gün anladım ki,
məni aldatmamısan heç vaxt
özünə danışdığın yalanlar, özünə xəyanətindi.
səni sevmək mənim günahım deyildi
bəlkə də, lazımsız cəsarətimdi...

bu gün anladım ki, hamıya xəyanət edirəm
qadınımın ütülədiyi köynəklə görüşünə gələndə
anladım ki xəyanət,
başqasına aid olan şeyləri
səninlə bölüşməkdi...

heç bir aldanış xəyanət deyil, əslində
xəyanət, sevmədən sevişməkdi...
xəyanət, öz gözündən düşməkdi
özgə yataqlarında...
xəyanətin nə olduğunu bilirsənmi, Cəmilə?
hərdən,
tək qalanda
vicdan əzabı çəkirsənmi, Cəmilə?

***

"Sən çox erkəndən gələrdin,
Mən hələ yuxudan qalxmamış.
Evə çatmamış zəng edib məni yuxudan oyadardın
Mən səni qarşılayardım
Sakitcə
Sən otağa,
Mən hamama keçərdim.
Sonra adama bir stəkan çay içərdik.
Sonra bərk-bərk köksümə sıxardım səni.
Oğurluq səadətin qoxusunu çəkərdim ciyərlərimə
Oğurluq sevginin sərxoşluğu yayılardı bədənimə
öpüşərdik ...
sən üstündəki paltarı
mən üzümdəki həyanı soyunardım
sevişərdik...
Sən çox erkəndən gələrdin,
Şəhər hələ yuxudan qalxmamış
Bir telefon zənginə diksinib
Qapıya yüyürərdim
Hər dəfə üzündə eyni məsum təbəssüm,
Baxışlarında ağır bir kədər olardı...
Sənin üzün gülməzdi,
Mənim də halım birtəhər olardı...
Qonşu bağından oğurladığı almanı gizləyən uşaq kimi,
Üzünü əllərimin içində gizləməyə çalışardım.
Etdiyim günahın bədəli,
Ömür boyu sənə həsrət qalmaqdı,
Sən gedəndən sonra bacardığım yeganə iş
Hönkür-hönkür ağlamaqdı.
Gecələr qoxun çökmüş yastığa
üzümü söykəyib hıçqırardım...
Hər gecə yuxuma girərdi gözlərin
Diksinib yerimdən qalxardım...
Dəli kimi başımı divarlara çırpardım...
Nə içki, nə siqaret
təsəlli deyilmiş sənsiz gecələrdə...
Mən bir içim xoşbəxtlik dadardım,
Sənin gəldiyin günlərdə...
Sən çox erkəndən gələrdin
Şəhər yuxudan qalxmamış...
Biz sevişərdik və sən çıxıb gedərdin işinə...
Hər gedişindən sonra bir darıxmaq dolardı içimə...
Mən ağlayardım...
sən gedərdin....
Gecələr qoxun çökmüş yastığı qucaqlayardım
bir dəli darıxmaq dolardı içimə...
Səninsə ərin var yanında,
bir də ona xəyanət etdiyin kişilər...
Nə vecinə, quzum
nə vecinə..."

Go Back

Sorğu göndər