Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Sizin Köşə"

ÖLÜMQABAĞI DÜŞÜNCƏLƏR - Fuad Əsədov

22-07-2016

Bilirsinizmi, həyat əslində gözəldir. Son günlərimi yaşadığımı biləndən sonra düşünmək üçün xeyli vaxtım oldu. Əvvəllər, bütün günü ora bura qaçır, hansısa işlərimi yoluna qoymaq istəyirdim.  Məktəbdən qaça-qaça evə gəlir, tez-tələsik yemək yeyir, sonra ingilis dili kursuna gecikməmək üçün yenə qaça-qaça evdən çıxırdım. Mən, beləcə, bu qaçhaqaçda heç nə düşünə bilmir və sadəcə proqramlaşdırılmış robot kimi valideynlərimin, qohumların, müəllimlərin dediklərini edirdim – sorğu-sualsız. Sonra evdə dərs oxumaq adıyla qonşu otağa keçir və saatlarla facebookda rəfiqələrimlə danışırdım. Hiss edirdim ki, həyatım çox mənasız axıb gedir. Amma, nədənsə bu mənasızlığın özü də məni qane edirdi. Hərdən valideynlərimlə bərk dalaşırdım. Mənə elə gəlirdi ki, onlar məni başa düşmürlər. Onlar elə hey mənə  telefonun ziyanlarından danışır, mən isə rəfiqələrimlə “dişimiz ağrısa, valideynlərimiz deyəcək ki, telefondandır” kimi zarafatlar edirdim. Müəllimlər də görürdülər ki, mən evdə qətiyyən dərs oxumuram. Onlar elə hey mənə öz qəliz suallarını ünvanlayır, mənsə lövhənin qabağında çarəsiz baxışlarımı sinifə dikərək uşaqların pıçıldadıqları sözləri anlamağa çalışırdım. Bir neçə dəfə müəllimlər valideynlərimə şikayət edəndən sonra evdə əməlli-başlı problemlərim yarandı. Demək olar ki, artıq hər gün anamla dalaşırdım. Son vaxtlar atamın da üstünə qışqırmağa başladım. Onlar isə qərara gəldilər ki, məni psixoloqa göstərsinlər. Mən qışqıraraq, onlara dəli olmadığımı dedim. Sonra, yenə də mənasız facebook söhbətlərimin və diqqət cəlb etməyə çalışdığım statuslarımın yanına döndüm.

Hər şey baş ağrılarından başladı. Ağrıkəsicilər mənə kömək etmirdi. Həm süstləşmişdim, həm də daha da əsəbi olmuşdum. Ailəlikcə fikirləşirdik ki, bu son günlər keçirdiyim stresslə bağlıdır. Amma həkimlərin rəyi ilə bizim düşüncəmiz üst-üstə düşmədi. Atam həkimdən öyrəndi ki, onun 16 yaşlı qızı xərçəng xəstəliyinə tutulub. Əvvəlcə onlar bunu məndən gizlətməyə çalışdılar. Amma saçlarım tökülməyə başlayanda hər şey mənə aydın oldu. Atam çarpayımın kənarında oturub mənə ürək-dirək versə də, mən bilirdim ki, bu xəstəliyin müalicəsi yoxdur. Əvvəllər, bu mənə faciə kimi görünürdü. Yataq xəstəsinə çevrildiyim vaxtdan etibarən fikirləşməyə başladım. Fikirləşdim və bu xəstəliyin müsbət tərəflərini tapdım. Məsələn, məktəbdən canım qurtarıb. Ya da gələcəyimlə bağlı fikirlər məni narahat etmir. Çünki gələcəyimin necə olacağını bilirəm. Həm də, axı deyirlər ki, o biri dünya burdan daha yaxşıdır. Orda cənnət var, mələklər var. Bir tərəfdən də hesab edirəm ki, nə olmağından asılı olmayaraq maraqlı olub həyatım. Hətta əvvəllər məni ağladan səbəblər belə, həyatıma rəng qatırmış. Mən kiçik problemləri özümə dərd edirmişəm. Əslində isə həyat məhz həmin problemlərlə gözəldir. Bir şeyi də başa düşdüm ki, valideynlər hər zaman sənin yeganə köməkçilərindir dünyada. Bu gün burda ölümümə bir neçə ay qalmış bir vaxtda yanımda əvvəllər danışıb-güldüyüm rəfiqələrim yox, məhz öz nəsihətləri ilə məni bezdirən sevimli anam və hamıdan çox sevdiyim atam var. Onlar mənim indi-ən çətin günümdə yanımdadırlar. Bilmirəm, mən buna layiqəm ya yox. Onları necə incitdiyimi bilirəm. Çox nankor övlad olduğumu da bilirəm. Amma yəqin bunu Allah da, valideynlərimdə gənclik ağılsızlığıma bağışlayar. 16 yaşda insan həyata başqa cür yanaşır. Biz özümüzü bu yaş dövründə hamıdan ağıllı hesab edirik. Yəqin ki, elə buna görə də çoxlu səhvlər buraxırıq. Amma istənilən halda həyat gözəldir. Yaşamağı bacarsan da bacarmasan da.

 

FUAD ƏSƏDOV

Bakı Dövlət Universiteti, Sosial Elmlər və Psixologiya Fakultəsi tələbəsi

 

 

 

Go Back

Özünə inam+bacarıq=Müsbət nəticə!!!! - GÜNEL ƏLİYEVA

06-05-2016

         

  Biz - insanlar, bizim ailəmiz, bizim bacarığımız, məqsədimiz, imkanlarımız.  

         Biz həyata gələrkən məqsədsiz, arzusuz oluruq. Yaşadıqca, ən əsası böyüdükcə həyatdakı məqsədlərimiz, arzularımız da böyüyür. İlk əvvəl yəni, balaca ikən istəklərimiz valideynlərimiz tərəfindən yerinə yetirilməyə başlanır. Artıq böyüdükcə və ən əsası düşünməyə, həyatı anlamağa başladıqca sanki istəklərimiz də bizimlə birlikdə böyüyür. Əslində düşüncə tərzinin də burda rolu böyükdür. Bəzilərimiz düşünərək hərəkət edirik, bəzilərimiz isə hərəkət edib sonra düşünürük. Əslində düşünməliyikmi? Hansı daha doğrudur? İnsan istədiyi şeyi düşünərək əldə edə bilərmi? Və ya sadəcə istəmək-mi lazım? Düşünmək bizə məxsus olan bir şeydir. İnsan bir şeyi ürəkdən istəyərsə o yerinə yetə bilər. Bu həm də insanın nə istədiyinə bağlı olan bir şeydir.

         Düşüncələrimiz bəzən bizi yanılda bilər. Bəli, insanlar onlara deyilən sözü, edilən hərəkətləri istədikləri kimi başa düşə, istədikləri kimi başqalarına çatdıra bilərlər. Bəlkə də biz sadəcə nəyi necə istəyiriksə elədə düşünürük. Bəlkə sadəcə bizim üçün düşünmək çox bəsit anlayışdan başqa bir şey deyildir. Çünki bəzən insanlar düşündüklərinə əsasən öz beynindəki fikirlərini yönəldə bilirlər.

         İnsan doğulur, böyüyür, formalaşır, şəxsiyyətə çevrilir. Onun məqsədi, istəkləri yaranır. Onu formalaşdırmağa çalışır. Bəzən heç bir şey əlindən gəlməsə belə yenə də ümid edir, düşünür, çabalayır. Hər bir insanın köməyə ehtiyacı vardır. Mənəvi dəstəyin, köməyin yerini heç nə əvəz edə bilməz.

         Hər bir insanda müəyyən bir düşüncə tərzi formalaşır. İnsan həyatda istədikləri şeyi reallaşdırmağa çalışır. Bəzən insanlar mümkün olmayacaq şeyləri istəyirlər və onu bir gün reallaşdıracaqlarına inanırlar. Bu zaman bu onlarda xülyaya çevrilir. Bu zaman həmin insan istəməyərəkdən  olsa belə həmişə həmin şeyləri düşünür və günbəgün onları reallaşdırmaq istəyir. Alınmadıqda isə psixoloji olaraq depressiya yaranır. Və bu müalicə olunmazsa daha da arta bilər. İnanmaq əldə edə biləcəyimiz qalibiyyətlərin yarısıdır deyilir. Bu doğurdan da belədir. Məsələn: İnsan bir şeyi istəyir və onu əldə edə bilərsə, bu zaman onu mənimsəməli, yəni, özününküləşdirməlidir. Mən psixoloq olacam. Bunu sadəcə sözdə demək yox, beyində də hiss etmək gərəklidir. Yəni, artıq mən öz istəyimə çatmışam kimi hiss edilməlidir. Təbii ki, bu istiqamətdə işlər görərək və uğurlar əldə edərək. Əbəs yerə Ronda Bernin "SECRET" əsərində qeyd olunmayıb ki, insan bir şeyi istərsə onu öz gücü ilə əldə edə bilər. Bunun üçün ilk növbədə insan özündən neqativləri uzaqlaşdırmağı bacara bilməlidir.

         Məsələn : Mənə sarı saç yaraşmır əvəzinə, mənə qara saç daha çox yaraşır. Və ya məni heç kim düşünmür əvəzinə nə yaxşı ki, mən varam kimi müsbət fikirlər daha çox düşünülməlidir. Görürük ki, adi cümlədə söylənilən neqativ fikirlər belə insana mənfi təsir göstərə bilər.

         Əgər mən istəyirəm ki, adlı-sanlı, tanınan bir psixoloq olum, ilk əvvəl özüm özlüyümdə bunu qəbul etməliyəm və bu işdə uğurlar qazanıb, irəliyə getməliyəm ki, sonra ətrafımdakılar da mənim həqiqətən işimdə uğur qazana biləcək psixoloq ola biləcəyimə inana bilsinlər. İstənilən iş belədir. Əgər sən həqiqətən yüksəlmək, yəni, uğur qazanmaq niyyətindəsənsə o zaman elə indidən bunun belə olacağına ilk növbədə özün, sonra ətrafındakılar inanmalıdırlar. Sən danışığınla, işdəki uğurlarınla irəli gedəcəksən. Bunun olmaması mümkün deyil. Təbii ki, ruh yüksəkliyinin də burada rolu böyükdür. Əgər sən pessimist insansansa demək ki, bunların özünə düzgün şəkildə aşılamaq bir az zaman alacaq. Çünki sən adi çətinliklə rastlaşdıqda belə əhvalın pozulacaq, artıq özünə inanmamaya, uğur qazana bilməyəcəyinə inanmamağa başlayacaqsan. Bu da artıq sənin fikirlərini tamamilə dəyişməyə başlayacaq. Bəs bu zaman nə etməli????

         İlk növbədə, insan bir işə başladığı zaman belə neqativ halların olacağını da düşünməlidir. Hə kəs pilləkənləri qaça-qaça qalxmır. Əlbəttə bir yerdə büdrəmə ola bilər. Bunu düşünərək bir yola başlamalısan. Bəli, mənim qarşıma çox çətinliklər çıxacaq. Məni bəlkə də bu işi əldə edə bilməyəcəyimə inandıracaqlar. Amma mən elə o anda yenidən işləməyə başlayacam. Mən axı özümə söz vermişəm. Yavaş-yavaş olsa belə sağlam addımlarla irəliləyəcəm. Əgər mən özümə inanıramsa niyə də istədiyim, bacardığım işə sahib olmayım. Biliyim, bacarığım öz yerində. Və ən əsası özümə güvənirəm. Əgər mən istəsəm bacara bilərəm. Budur mənim inandığım.

                             Özünə inam+bacarıq=Müsbət nəticə!!!!

         Bəs mən özümə güvənmək üçün kifayət qədər bilik sahibiyəmmi? Bəli, bacarıqla yanaşı bilikdə əsasdır. İnsanın bacarığı biliklə birləşdikdə bu zaman gözəl nəticələr alına bilər. Bəzən insan seçim etmək məcburiyyətində qalır. Ya çalışaraq irəliyə gedəcək, yadaki elə sadəcə yerində sayacaq.

      Bəs görəsən cəmiyyətin insana təsiri olurmu?

      Əlbəttə, olur. Amma fərq ondadır ki, hər bir insanın orqanizmi fərqli olduğu kimi, hər bir insanın xarakteri də fərqlidir. Tutaq ki, melanxolik bir iş görürsə, bir başqa biri onun işini bəyənmir və ona müdaxilə etməyə çalışırsa, demək bu zaman melanxolik ruhdan düşəcək və həmin işi yerinə yetirməkdən boyun qaçırdacaq. İnsan sadəcə iş sahəsində deyil, bütün sahələrdə özünə güvənməyi bacara bilməlidir. İnsanın özünə güvənməsi uğura gedəcəyi yolun başlanğıcıdır.

            Müsahibə -   Ailə yoxsa karyera....

         Əslində ailədən çox danışmaq olar. Bəli, AİLƏ müqəddəsdir, loru dildə desək, etibar edə biləcəyimiz yer ailədir. Hər insana bu kiçik dövlət nəsib olmur. Əslində əsas xoşbəxtliyimiz bizim ailəmizdir. Bu kiçik dövlət güvəndiyimiz, inandığımız, bir-birinə kömək edən, ən əsası bir-birini SEVƏN insanlardan ibarətdir. Bəli, mən AİLƏ bir cümlədə ifadə etdim, amma mənası bir ömrə yetər. Nə yaxşı ki, bu kiçik dövlət bizə də nəsib olunub. Dost, rəfiqə insana çətin günündə kömək ola bilər, amma söhbət ailədən gedirsə o sadəcə kömək olmur, o həm də ailədən həmdə ailədəki insanla eyni hissləri keçirir.

         Əksər insanlar çox zaman Ailə-ni seçməyi üstün tuturlar. Çünki düşünürlər ki, onların həyatları üçün Ailə əsasdır. Bu zaman tək qalmaqdan qurtula bilərlər. Amma karyera elə deyil. Bəzi insanlar üçün isə karyera əsas məqsədə çevrilir. Onlar üçün karyera hər şeyin önündə gedir. Bəzən isə şərtlər sadəcə və sadəcə insanı işləməyə məcbur edir.

                           Müsahibə -

     Təbii ki,  ilk sualım bundan ibarət olacaq. Sizin üçün ailə yoxsa karyera əsas olmalıdır?

     Bir tərəfdən ailə, digər tərəfdən karyera. İlk olaraq təhsil, sonra yaxşı iş və sonra düzgün seçilmiş ailə.

     Bəs, istisnalar olarsa. Yəni ailə qurmaq sizin iş həyatınıza mane olacaqsa, bu zaman?

      Əslində hər kəs kimi məndə ailəni əsas sayıram. Çünki müqəddəsdir. Ailə qurarkən sevginin deyil də, hörmətin, bir-birinə qarşı olan düzgün münasibətin əsas olduğunu hesab edirəm. Bir gün, yəni, sevgi adlandırdığımız məfhum sona çatdığı zaman ailədə hörmətin əsas olduğu özünü göstərir.  İş həyatı lazımlı ola bilər, amma o qədər də vacib deyil. Amma bir işi sevirəmsə çalışıb sonunda həmin işə nail olaram. Təbii ki, bir işə başlayarkən ən əvvəldən başlamaq lazımdır. Balaca uşaqlar pilləkənlərlə əvvəldən qaça-qaça çıxa bilmirlər. Elə işləmək də belədir. Pilləkənin birinci pilləsindən başlayıb sonuna qədər qalxmağı bacarmaq lazımdır. Əgər sadəcə yerimdə addımlayıramsa, çıxmağın heç bir mənası olmaz. Valideynlərin uşaqlar üçün ilk istəyi onun xoşbəxt ailə qurmasıdır. Məncə də belə olmalıdır.

 

                                               Sevgi, hörmət + səbr, dözüm = ailə       

GÜNEL ƏLİYEVA

Go Back

Edilə bilməyən seçimlər üzərinə - İBRAHİM BƏDƏLOV

17-03-2016

   

 Əgər bir gün biriləri gəlib mənə “xoşbəxtsənmi və ya yaşadığın istədiyin həyatmıdır?” - deyə bir sual versəydi, cavabım hə və ya yox olmayacaqdı. Sadəcə o an özümü o sualı düşünməyə tərk edəcəkdim.                                                                                                   

  Səhər oyanırsan, güzgüyə baxdiqda, təbii olaraq, özünü görürsən.  Bir gün eyni güzgüyə baxdıqda özünü deyil,  başqa birisini görsən, yaxud sənin yerinə yaşayan birini gördükdə ağlına nə gələcəyini və ya  nə reaksiya verəcəyini təsəvvür etmək o qədər də çətin deyil. Çünki çoxları bununla qarşılaşır, sadəcə, seçimlərini bu işin fərqində olmadan edirler. “bəs gənclərin həyatlarını yaşayanlar kimlərdir” sualının cavabı, əksər halda, valideynlər olduğu kimi, gənclərin  məsulliyətini də daşıyan böyüklər olduğunu çoxları təxmin edər. Misal olaraq bir gün mən ailəmlə məsləhətləşib bir ixtisas seçimi etmişdim və ya məsləhətləşib seçimi onlara buraxmışdım, fərq etməz nə də olsa hər ikisi eyni qapıya çıxır. Bu vəziyyətin çox ailədə  özünü biruzə verdiyindən əmin olun. Ətrafımızda bəlkə də çox az insan sevdiyi işi görür və ya olmaq istədiyi şəxsi özündə əks etdirir. Bəs geridə qalanlar? Onlarsa ya olmaq istəmədiyi biriləri olur, ya da kimlərinsə olmalarını istədiyi biriləri. Bir sözlə, ikisindən biri. Sən isə öz şəxsiyyətin olmadıqdan sonra bunun bir önəmi yoxdur.      

     Bu gün gənclərin ya valideynləri, ya da onların məsuliyyətini daşıyan şəxslər onlar üçün seçim edirmiş kimi görünür. Olan isə valideynlərin yaşayabilmədikləri həyatı uşaqlarının həyatlarında yaşamaq istəmələri və təəssüf ki,bunu gerçəkləşdirmələridir. Bu hal zamanında  onların istədikləri arzuları reallaşdırmaq üçün yetərli imkana sahib olmamaları və ya indiki ssenarinin eynisi olan, onların da öz valideynlərinin həyatlarını yaşamaq məcburiyyətində olmalarından qaynaqlanır. Başqa bir fikir bucağından baxdıqda isə gənclər üçün edilən seçimləri ata-analarının gəncliyinə olan nifrəti, həmçinin  keçmişindən aldığı intiqam kimi də düşünmək  mümkündür. Yalnız, hər şeyə baxmayaraq,onlar uşaqları üçün hər zaman ən yaxşı və ən məntiqli seçim edirlər. Amma bu fikir özü ilə birlikdə bu sualı doğurur: kimə və nəyə görə? Belə olduqda isə bu mövzu artıq müzakirəyə açıq olanlar siyahısına keçir. Mövzuya qayıdası olsaq,“bu başverənlərin qarşısını almaq üçün nə cür addım atılmalıdır?” ­- deyə bir sual meydana gəlir. Əslində, problemi sistemin üzərinə yıxsaq, ən asanı olardı. Amma, zənnimcə burada əsas xətanı ən yaxşı seçimi etməyi arzulayan valideyn edir: gələcəyin yüzlərlə insana həyat verə bilmə bacarığında olan bir həkim namizədini zorla mühəndis və ya  müəllim olmağa məcbur edir.Sizinlə bir reallığı bölüşmək istəyirem. Türk əsilli alman vətəndaşı olan və diş həkimliyi ixtisasını oxuyan bir tanıdığım oğlan var idi. Bir gün onunla söhbət edərkən dediklərinden məlum oldu ki, Almaniyanın təhsil sistemi məktəbdə son illərini oxuyan uşaqlara (böyük ehtimal ki, tətil zamanında) çalışmaq istədikləri peşədə staj keçmək imkanı verir. Bu oğlana da diş həkimliyi peşəsi maraqlı gəlib və atasının dostunun klinikasında işləmək, işi yaxından görmək və özünü yansıdan sənətin bu olub-olmadığını bilmək imkanını əldə edib. Bu gün o insan, həqiqətən, sevdiyi işi görür və hər halda o işi sevərək görür. Əslində, digərləri də öz seçimlərini özləri düşünərək etsə, yaranan problemlər də aradan qalxar. Və son olaraq, Konfutsinin də dediyi kimi, “sevdiyin işi etsən, ömrün boyu işləməzsən”.      

  İbrahim Bədəlov

Go Back

Bir insanı tanımaq

29-12-2015

Tanımadığınız bir insan, getmədiyiniz bir şəhərə bənzər... Onun haqqında bir çox şey eşitmisiniz. .Kimi müsbət şeylər söyləyər, kimi də mənfi... Sanki bir qəzetin "gəzinti" səhifələrinə baxır kimi baxarsınız tanımadığınız insana... Və bir gün, eynilə o bilmədiyiniz şəhəri gəzib görmək, tanımaq istər kimi, o insanla da tanış olmaq istəyərsiniz. İlk dəfə getdiyiniz bir şəhərdə necə davransanız, ilk dəfə tanış olduğunuz insana qarşı da eyni şəkildə davranarsınız. Şəhərin əvvəl baş yollarında gəzərsiniz, ən tanış küçələrində... Ən canlı, ən həyat dolu gördüyünüz qismidir bu, şəhərlərin.. .

 Halbuki bir şəhəri şəhər edən görünməyən gizlilikləridir. Səhər süfrənizə gələn isti çörək, otağınızı işıqlandıran işıq, üzünüzü yuduğunuz sərin su, oxuduğunuz qəzet, getdiyiniz yollar; Hamısı şəhərin gizliliklərində yaşayan insanların səyləriylə boyayar həyatınızı...

 Yeni tanış olduğunuz insanla isti bir ünsiyyət qurmağa başladığınızda, ona bu ünsiyyəti çox möhkəm bir güvən duyğusuyla qurduğunuzu hiss etdirdiyinizdə, o insan sizə ruhunun gizliliklərində gəzmə icazəsi verəcək. Daha sonra da , sizi əlinizdən tutub özü gəzdirəcək. O zaman bilin ki, çaşdırıcı gözəlliklərə şahid olacaqsınız. Bəlkə də əksinə olacaq. Çöldən baxıldığında son dərəcə müasir, müasir görünən bir şəhərin varlığındakı iç ağrıdan yanı görürmüş kimi, o insanın ürək yanğılarını görmə ehtimalınız da var bu tanıma dövründə... Ya da görünüşdəki o yoxsulluğa baxmayaraq, gün işığına çıxarılmamış bir xəzinəyə də şahid olma ehtimalınız...

 İnsan, ən yaxşı tanışı, gözü bağlı gəzə biləcəyi, sürpriz iqlimlərini belə qəbul etməsini bildiyi şəhərləri ən çox sevər. Ən çox o şəhərdə rahatlıq tapar... Ən çox o şəhərdə yaşamaq istər. Çünki rahatlıq yanıltmaz insanı... Tanımaq güvən verər. Gedəcəyi yolllar haqqında qərarsız deyil. Ən qısa yoldan, ən gözəl sahilə necə çatacağını çox yaxşı bilməyin rahatlığını yaşayar insan, tanıdığı bir şəhərdə...

 Ruhunun bütün çıxmaz yollarını, daxili narahatlıqlarını, ümidlərini, çarəsizliklərini, coşğularını, hirsini, səbrini, gülüşünü və ağlayışını bildiyimiz bir insan; Ən yaxşı bildiyimiz bir şəhər kimidir... Necə ki yalnız eşitdiyimiz, fotoşəkillərindən, oxuduqlarımızdan bildiyimiz bir şəhər haqqında yanılma ehtimalımız varsa; Eyni şəkildə hələ ruhunda gəzmədiyimiz bir insan haqqında da yanılma ehtimalımız var. Əhəmiyyətli olan, eynilə bir şəhəri sistemli bir şəkildə tanımaya istiqamətli səyimizi, tanımaq istədiyimiz insan üçün də göstərə bilməkdir.

 Bir estrada mahnısının sözləridir bu, bir insanı tanıma müddətini də aşaraq, bu çox gözəl cümləni vurğulayır: Eşq sevdiyim şəhərlər kimidir...

Natiq Muradbəyli

Azərbaycan Dövlət Pedoqoji Universiteti,IV kurs tələbəsi

psixotest.az

Go Back

PSİXOLOQ ELNUR RÜSTƏMOV: " Marinanın corabları "

26-12-2015

 

Sənin ad gününə gül dərmək üçün,

Sinəmə çəkdiyin dağa çıxıram.

Salam Sarvan

 

Mövzu yenə eyni mövzudu. Ancaq çevir tatı, vur tatı deyil. Çünki bu problem son dövrlərin aktual problemi olduğundan müxtəlif istiqamətdə yanaşma tələb edir. Söhbət boşanmalar və onu yaradan faktorlardan gedir. Məqalədə əsasən bir məqama toxunacağam – valideyn-övlad arasında emosional bağlılığın artması, nəticədə bunun qurulan ailələrə mənfi təsiri. Əslində mövzu tədqiqat mövzusudu. Bir məqaləyə sığmayacaq mövzudu. İnşallah qismət olarsa, bunu davam etdirərik. Ona görə də izahatı burada saxlayıb keçirik mətləbə.

Heç kimə sirr deyil ki, dünənə qədər Azərbaycan ailələrində 3 və ondan çox uşaq olurdu. Hətta elə bölgələrimiz vardı ki, orada 7 uşağı olana sonsuz belə deyirdilər. Keçid dövründə, konkret olaraq sovetlər dağılan ərəfədə və dağılandan sonra ailələrdə uşaqların sayı getdikcə azalmağa başladı. (Bunu birbaşa Sovetlər İttifaqının dağılması ilə əlaqələndirmək olmaz. O vaxta qədər ümumən dünyada insanların komforta meylliliyi, texnikanın inkişafı və s. faktorlar buna təsirini göstərirdi. Sadəcə Sovet ideologiyası problemi inzibati rıçaqlarla olsa belə, tənzimləyə çalışırdı - E.R.) 90-cı illərdən başlayaraq ailədə uşaqların sayı 3, yaxud da 4 nəfərə düşdü. 2000-ci ildən sonra isə 2, maksimum 3 uşaq həddinə çatdı. (Müstəsna təbii ki, var. Sadəcə biz daha geniş spektri hədəf götürürük - E.R.) Nəticədə ailələrdə valideyn övlad münasibətində problemlər yaranmağa başladı. Əslində, problem ilkin dövrdə tərəflər arasında konkret olaraq ər-arvad arasında yaranmağa başladı. Bu da öz təsirini ailədə uşaq sayının azalması, uşaqların özlərinin psixologiyasında mənfi təsirə səbəb oldu.

Ailədaxili konflikt ailə yaranandan mövcuddu. Sadəcə həll yolları, konfliktə yanaşma formaları əvvəlki illərdə daha fərqli idi. Uşaq sayının çox olması tərəflər arasında konflikti nisbətən arxa planda saxlayırdı. Ailə daha çox kompromisə gəlməyə üstünlük verirdi. Bu gün uşaq sayının az olması, tərəflər arasında boşanma prosesində onların bir yerə gəlməsinə mənfi təsir göstərir. Digər tərəfdən, ailədə uşaq sayı azaldıqca valideynlə övlad arasında emosional bağlılıq da artır, valideyn uşağına daha çox bağlanır, ona daha yaxın olmaq istəyir. Bu gün yeniyetmə ailə tərəfindən daha çox kontrol edildiyini deyir və bunu mənfi hal kimi dəyərləndirir. Şübhəsiz, yeniyetmə məsələyə öz prizmasından yanaşır və özünü haqlı bilir. Valideyn prizmasından məsələyə yanaşdıqda ayrı bir mənzərənin şahidi oluruq. Valideyn uşağına çox bağlıdı, hər addımını nəzarət etmək istəyir. Çox yaxşı edir, öz övladıdı, özü bilər. Amma yox, özü bilmir. Bilsəydi, problemlər yaranmazdı. Valideyn övladı ilə davranmaqda çətinlik çəkir. Belə bir deyim var: “Uşaqlar ata-analarından daha çox zəmanəyə oxşayarlar.” Bu fikir indi və hər zaman aktual olub. Bəli, uşaqlar zəmanə uşaqlarıdı. Bu gün zəmanə və valideyn savaşı gedir. Dünənin uşağı, bu günün valideyni olan bizlər də bu gündən şikayət edib, o dünəninimizdən misallar gətiririk. Əmin olun, uşaqlarımız da sabah bizim nəvələrimizə bu günümüzü misal gətirərlər. Görünən odur ki, bu xəmir hələ çox su aparar. Özü də qarşısıalınmaz bir proses kimi. Qalır bununla davranmağı bacarmaq. Əks təqdirdə, toplum olaraq bir çox dəyərləri, ailə modelini tamamilə itirmiş olarıq. Ona görə də böyük prosesə Azərbaycan ailəsini hazırlamaq lazımdı. Biz kiməsə “sənin niyə 5 uşağın yoxdu?”, - deyə irad bildirə bilmərik. Buna heç bir haqqımız yoxdu. Ancaq bir uşağı beş uşaq kimi böyütməyə çalışmalıyıq. Tərkibinə güvən, ona inanmaq, çox şey gözləməmək və s. “ədviyyatlar” qatmalıyıq. O zaman övlad özü olacaq. İki uşaq ailədə 4 uşağa çevrilməlidi.

Ata-ananı bura əlavə etmək istərdik. Münasibət sağlam olmalıdı. Lazım olanda uşağa BÖYÜK bacı, yaxud qardaş olmağı bacarmalıyıq. Bizdə dədə-babadan belə bir söz vardı. “Məni uşaq basmayıb ki”. Fikir verin, kimlər bunu deyirdi? 2, yaxud 3 uşağı olanlar. Baxın, bu gün onların dövrüdü. Həmin basılmayan uşaqlar qurduqları ailənin ilk bir ilində problem yaşayırlar. Yeni mühitə adaptasiya ola bilmirlər. Səbəb hər iki tərəfin ailələrinin prosesə müdaxilə etməsidi. Niyə müdaxilə yazdıq. Çünki dəstək olmaq ayrı şeydi. Burada hər iki tərəfin maraqları nəzərə alınır. Müdafiə etmək isə bir tərəfin mövqeyini nəzərə almaqdı. Nəticədə ana-ata “məni uşaq basmayıb”, - deyib qızını evinə gətirir, yaxud da oğlunu qızdan ayırır. Bunu edən ana-ata ailə quranda hər şeyləri normal idimi? Həyat yoldaşı gündə neçə dəfə onunla telefon əlaqəsi yaradırdı? Neçə saat internetdə, sosial şəbəkədə zaman keçirirdi. Qabaqlar belə şeylər yox idi. Kişi işə gedəndə xanım əmin idi ki, əri İŞƏ gedir. O zaman xanımlar indiki qədər gündəlik həyatda aktivlik nümayiş etdirmirdilər.

 

Gender bərabərliyi günümüzdə dağılan ailələrdə bir vəsilə olub. 

Necə oldu ki, ailələrimiz dayanıqsız oldu? Nə təsir göstərdi? Azərbaycan ailə modeli, ailə dəyərləri hər zaman möhkəm olub. Nə təsir göstərdi ki, dəyərlər aşınmağa başladı? Əslində, ciddi bir problemin astanasındayıq. Boşanmalarla bağlı son zamanlar rəsmi qurumlar tərəfindən belə həyəcanlı xəbərlər eşidirik. Sual olunur. Rəsmi qurum həyəcan təbili çalırsa, niyə problem düzəlmir, əksinə, daha da dərinləşir. Mahiyyətə baxanda problem qlobal bir problemdi. Bir güllə bahar olmaz deyiblər. Bütün hallarda bir gül belə, böyük bir problemin qabağında seçilə, örnək ola bilər.

Məsələ burasındadır ki, bu gün ümumən planetdə ailə böhranı yaşanır. İnsanlarda ailədən daha çox övlad düşüncəsi daha qabarıq özünü büruzə verir. Tərəflər bəzən uşağa görə bir yerdə olduqlarını ifadə edirlər. Öncələrdə uşağa görə ailə yolu birgə yaşamağa qərar verirdisə, bu gün artıq bu stiqmanın da aradan qalxdığının şahidi oluruq. Ailələrin bir qismi bu “baryeri” aşdılar. Dolayısı ilə ayrılmaq adiləşdi. Az qala normaya çevrilməyə başladı. Nəzərə alaq ki, biz böyük bir problemin vintciyiyik. Bu gün dünya özgürlük savaşına çıxıb. Kişi, qadın, övlad, valideyn və s. Hər kəs sərbəst, azad olmaq istəyir. Dünənə qədər azadlığa qarşı məsuliyyət anlayışı qoyulmuşdu. Spinoza bunu “Azadlıq dərk edilmiş məsuliyyətdir” formasında xarakterizə etmişdi. Bu gün isə biz məsuliyyətdən çox azadlıq sevdasındayıq. Nəticədə çox dəyərlərimizi itirdik, insanlıq itirir. Psixoloji problemlər hər gün artır. Öncə olan problemlər artıq normaya çevrilir. Homoseksuallıq dünənə qədər beynəlxalq təsnifatda xəstəlik kimi xarakterizə edilirdisə, bu gün xəstəlik siyahısından çıxarıldığının şahidi oluruq. Çünki dünən bundan əziyyət çəkən az idi. Bu gün bu problem o dərəcədə artdı ki, artıq bunu norma kimi qəbul etdilər. Eləcə də bir çox psixi xəstəliklər var ki, onların da yaxın 10 illikdə xəstəlik siyahısından çıxarılacağının şahidi olarıq. Texnika, texnologiya inkişaf etdikcə insanın deqradasiyaya uğrayacağının şahidi oluruq. Bəşəriyyət qazansa da, insanlıq itirir. Hələ çox itirəcək. Müstəqilliyin ilkin mərhələsində efir məkanımızdakı boşluğu Braziliya və Meksika filmləri doldurmağa başladı. O zamana qədər insanlarımızın böyük bir qismi əcnəbi ailələr haqqında kitablardan, romanlardan məlumat alırdılar. Nəzərə almaq lazımdır ki, o romanlar da senzuradan keçəndən sonra tərcümə olunurdu. İdeologiya imkan vermirdi ki, ailə dəyərlərinə xələl gətirən informasiyalar cəmiyyətə ötürülsün. 90-cı illərin əvvələlrində artıq seriallar bizim qarşımızda fərqli bir mənzərəni açdı. Xatırlayıram, o zaman elektrik enerjisinin verilməsində problemlər olurdu. Bu səbəbdən də rayon və kəndlərdə serial olan axşamlar ailələr bir evə toplaşıb işıq generatorunun köməyi ilə həvəslə bu seriallara baxırdılar. Özü də elliklə baxırdılar. Nəzərə almaq lazımdır ki, o seriallar həftədə bir dəfə verildiyindən bir həftə də onların müzakirəsi gedirdi. (Zatən indinin özündə də seriallar həftədə bir dəfə verilir.) Sözüm onda deyil. Bəlkə də biz o zamanlar seriallarda qoyulan problemə ötəri, bizə aid olmayacaq bir hadisə kimi yanaşırdıq. Əslində, yanlışlıq da o zamandan başladı. Tarix üçün 100 illər elə də böyük zaman deyil. Aradan 20-25 il keçib. Bəzən biz elə hadisələrlə rastlaşırıq ki, Meksika filmləri onun yanında toya getməli olur. Diqqət etsək görürik ki, sağlam ailə münasibətlərinə mənfi təsir ailədaxili konflikt fonunda özünü büruzə verdi. Ailədaxili konfliktlər qabardıldıqca tərəflər arasında emosional bağ da zəifləməyə başladı. Fərq etməz bu konflikt hansı səviyyədə çözülürdü. Ağsaqqal səviyyəsində, yaxud da hüquqi müstəvidə. Hər iki halda bunlar 2 nəfərin münasibətinə mənfi təsir göstərir. Hüququ qabardıqca problemlərimiz də artmağa başladı. Deyə bilərsiniz ki, psixoloqa da müraciət artdı. Razıyam. Ancaq bunu biz etmədik. Bu gün Avropa ilə müqayisədə çox geridə qalırıq. Qabaqlar, elə indinin özündə də nə isə olanda Avropanı misal gətirirlər. Avropada uşaqlar 17 yaşdan sonra evdən uzaqlaşırlar. Müstəqil həyatlarını qururlar. Sual olunur; bu gedişlə yaxın 5 ildə bizdə bu mənzərənin şahidi olmayacağıqmı? Olarıq. Bu gün valideynlər zatən övladları ilə canlı təmasda az olurlar. Valideynlə övlad arasında emosional bağ nə qədər sıx olsa da, uşaq yenə də evdən uzaqlaşmağa, ayrı yaşamağa cəhd edir. Qəribə bir paradoksla rastlaşırıq. Valideyn uşağa tərəf nə qədər addım atırsa, uşaq da bir o qədər valideyndən uzaqlaşır. Valideyn bunu sevgi, uşaq isə basqı kimi dəyərləndirir. Problem burdadı. Dəyər lokal ailə dəyəri kimi formalaşır. Övladım üçün rahat olsun. Ailəsi olmasa da olar. Bu qorxunun nəticəsidir ki, valideynlərin bir qismi övladlarının ailə qurmalarına o qədər də həvəs göstərmirlər. Ailə qurduğu təqdirdə belə, övladlarına maksimal komfort istəyirlər. Ailədə xırda bir konflikt az qala boşanma ilə nəticələnir. Zatən insan bu gün informasiyanın əsirinə çevrilir. İnformasiya aclığı yaşayır. Fərqi etmir, nə xəbər olur-olsun oxumaq, eşitmək istəyir. Xəbər olmayanda sanki boğulur. Fikir verin, səhər yuxudan ayılan kimi informasiya qəbul edirik. Bu, yatana qədər davam edir. Nəticədə insan az qala robota çevrilir. Səbəbsiz yerə aqressiv olur, əsəbiləşir, özünə qapanır, ətrafdan təcrid olunmaq istəyir. Tək qalır darıxır, cəmiyyətə qarışır yenə də darıxır. Bütün bunların baş verməsində ifrat informasiya almaq böyük rol oynayır. Bəli, bu gün Avropa buna qarşı savaşır. Bu gün avropalı informasiyadan özünü qoruyur, özünü bacardığı qədər yüklənmədən saxlayır. İnformasiyanın girovuna çevrilmir. Hər günün öz xəbəri yaranır. Olmasa belə, boşluqdan xəbər düzəldirik. Yetər ki, o xəbəri bəhanə edib ürəyimizi boşaldaq. Sanki bu olmasa havamız çatmır. Erik Fromm qeyd edirdi ki, müasir şəraitdə insan maddi sferada çox şey əldə etmiş, lakin özünü unutmuşdur. Əslində, insan fərqində belə olmadan yaratdıqlarının içində özü də həll olub. İstehsal və mübadilə psixikanın korlanmasına, nevrozların artmasına,  intellektual enerjinin qeyri-rasional istiqamətdə xərclənməsinə, şüurun siyasi manipulyasiyaya məruz qalmasına, zövqlərin korlanmasına, dünyagörüşdə humanist meyllərin azalmasına gətirib çıxarıb.  

Həyat düşünərkən dərindi. Onu yaşayanda dayaz olduğunu görürük. Paradoks hər addımda insanın gözünə batır. Ən yaxşısı həyatın nəbzini tutmaqdı. Burada insan faktoru aparıcı rol oynayır. Dərin düşünənlərin dayaz hərəkətlərini görürük. Seçim imkanı çoxaldıqca daxili narahatlıqlar da artır. Nəticədə psixoloji problemlərə yol açılır. Böyük mütəfəkkirlər daha çox düşünməyə, məkanı az dəyişməyə çalışmışlar. Dolayısı ilə məqsəddən yayınmamağa üstünlük veriblər. Məkanı az dəyişmək, hədəfdən yayınmamaq ruhi sakitliyin əsasını təşkil edir. İfrat yüklənmə ifrat rahatsızlıq yaradır. Qabaq bir müəssisədə insan 20 il çalışırdı. Düzdü, şikayəti belə olsa işini vicdanla yerinə yetirməyə səy göstərirdi. Çünki narazı olmaq insana xas bir xüsusiyyətdi. Bu gün isə alternativlər çoxdu. Nəhayətdə yaşam müddətində insanın zaman-zaman işini dəyişdiyinin şahidi oluruq. Nəzərə almaq lazımdı ki, hər iş mühitinin, orada çalışan kollektivin özünün də fərqli psixoloji xüsusiyyətləri olur. Bu fərqli psixoloji xüsusiyyətlər isə öz növbəsində insanın ailə, ətraf, cəmiyyətlə münasibətinə öz təsirini göstərir. Ona görə də seçim özlüyündə seçimsizliyə bərabərdi. İnsan məqsədyönlü olmalıdı. Bunun üçün istəyini bəlli etməli, bu istiqamətdə çalışmalıdır. İnsanın nə istədiyini bəlli etmək isə özünüdərklə bağlı bir problemdi. Hardan haraya gəlib çıxdıq, özünüdərkə. Bəli, özünü dərk edən insan ətrafı da dərk edəcək.

Yaponlar “kimi insan adlandırmaq olar?” sualına cavab olaraq bildirirdilər ki, sözlərə, hərəkətlərə, xariciliyə və ehtiraslara ciddi münasibət bəsləyən insanı insan hesab etmək olar. Bütün hallarda “Günəş Şərqdə doğur, Qərbdə batır”.

P.S. Marianna corabları keçən əsrin 90-cı illərində dəbdə idi. Filmin süjet xəttini sevməsək də, corablar satılırdı.

aile.lent.az

Go Back

Seçim qarşısında qalmaq – Qərarsızlıq

30-07-2015

Bəzən həyatda bacarmadığınız, qərar verə bilmədiyiniz elə şeylər ola bilər ki, sizin üçün başqaları çarə tapa bilər;  məsələn xəyalınızdakı evi bənna sizin üçün tikə bilər, sevdiyiniz paltarı dərzi sizin üçün biçə bilər, bəyəndiyiniz cəvahiratı zərgər sizin üçün düzəldə bilər, və ya bütün bu məsələlərin seçim mərhələsində ailəniz, dostlarınız, yaxınlarınız sizə kömək edə bilər, amma bəzən elə ciddi bir məsələ qarşısında qərarsız qala bilərsiniz ki, bu zaman çarəsini yalnız özünüz tapmalısınız!

 

Xədicə.A

İnsanlar bütün həyatı boyu daima  seçim qarşısında qala bilər. Seçim qarşısında qalmaq elə bir vəziyyətdir ki, burda əsas güc insanın öz üzərinə düşür. Mən də zamanla hər hansısa məsələlər qarşısında qərarsız qalmışam, bu günlərdən birində qərarsızlıq sindromu ilə tanış oldum. Təbii ki, sindrom dedikdə söhbət artıq xroniki bir hal almış qərarsızlaqdan gedir. Psixoloq Reyhan Algülün məqaləsində oxuduğuma görə xroniki qərarsızlıq halında insan gündəlik olaraq daima dilemma qarşısında qalır və ən sadə qərarları belə tək başına verə bilmir. Mən daha da dərinə gedib, qərarsızlığın kökünün haradan gəldiyini araşdırmaq istədim, təbii ki, həmişə olduğu kimi yenə də kökü bizim uşaqlığımıza dayandı.

Hamımız uşaq ikən valideynlərimiz az da olsa səhv hərəkət etdiyimiz zaman bizi cəzalandırmaq üçün vurublar, daha sonra biz ağladığımız üçün onlar bizi qucaqlayıblar, öpüblər, əzizləyiblər. Təbii ki, bildiyimiz kimi bu bir analıq instinktidir ki, ana öz övladının incinməsinə, ağlamasına dözə bilmir, səbəbi özü olsa belə. Bu davranışın nəticəsi olaraq isə biz valideynlərimizin hisslərindəki qərarsızlığı görürük və öyrənirik.

Başqa bir misala nəzər yetirək; məsələn uşaq vaxtı daima valideynlərimizlə, xüsusən də anamızla məktəbdə etdiklərimizi, həyətdə dostlarımızla oynayan zaman başımıza gələn hadisələri bölüşürük, amma valideynlərimizdən diqqət görmədikdə, bizi dinləmədiyini hiss etdikdə və ya etdiklərimizə əhəmiyyət vermədikdə bizim özümüzə inamımız zəifləyir. Bir dəfə belə olsa bu hadisə ilə qarşılaşmağımız, valideynmizdən müsbət reaksiya almamağımız bizim daima  harada səhv, harada doğru etdiyimizi düşünməyimizə və qərar verə bilməz vəziyyətə gəlməyimizə səbəb ola bilər.

Qərarsızlığın səbəblərinə nəzər yetirsək bunlara özünə inamın əskikliyi, gələcəkdən qorxmaq, məsuliyyət daşımaq istəməmək, xeyr deyə bilməmək, başqaları nə deyər qorxusu və ailənin tərbiyəsi kimi faktorlar daxildir. Bu kimi problemlərin olması insanların yeniliklərə qarşı qərarsız qalmasına, qərarsız qaldığı zaman əsəblərinin gərilməsinə, həyəcan keçirtməsinə və buna görə də sonda qərar verə bilməməsinə və ya yalnış qərar verməsinə gətirib çıxarır.

İndi isə mövzumuzun əsas məğzindən biraz bəhs etmək istəyirəm. Bununla hamımız razıyıq ki, paltar, ayaqqabı, ev və maşın almaq istədiyimiz zaman belə dilemma qarşısında qalırıq, stress keçirməmək üçün ailəmizdən, dostlarımızdan və yaxud da elə satıcıdan kömək istəməyimiz ən yaxşı çıxış yollarından biridir. Bunu da unutmayaq ki, onlar bizim yerimizə qərar vermirlər, onlar sadəcə qərar verməyimizdə iştirakçı rolu oynayırlar, aparıcı isə biz özümüzük. Bəzən onların qərarına daha çox üstünlük verib, sonradan peşman olsaq belə, bu peşmançılıq bizim həyatımızda qlobal bir vəziyyət yaratmır. Ancaq elə bir vəziyyət ola bilər ki, bu zaman başqasının fikrinə daha çox önəm verib addım atsaq, sonrakı peşmançılığımızın ağır nəticələri ola bilər. Bunlardan ən əsası və hal - hazırda cəmiyyətimizdə ən geniş yayılmış problemdən biri – həyat yoldaşı seçimidir.

Həyat yoldaşı seçmək, ömrünə, ürəyinə, ruhuna sahib olacaq birini tapmaqdır, amma indiki zamanda bir çox gənc, müxtəlif səbəblərdən evlilik qərarını verməkdə gecikir, hətta bəziləri bu qərarı heç verə bilmir. Bu vəziyyət də gec yaşlarda baş verən evliliklərin çoxalmasına səbəb olur. Mən düşünürəm ki, bəzən daha cavan yaşlarda edilən səhv bir evliliklə müqayisədə gec yaşda reallaşan doğru bir evlilik daha üstündür.

İlk növbədə düzgün insanı seçə bilməyimiz üçün zaman – zaman beynimizdə bu insanın modelini qurmalıyıq, ancaq bu model təkcə xarici görünüşü yox, daxili görünüşü də içində əks etdirməlidir. Mənim düşüncəmə görə çox vaxt qızlar atalarının, oğlanlar da analarının modelini evlənmək istədikləri insanlarda axtarırlar, çünki bizim gördüyümüz ilk model valideynlərimizdir. Ona görə də valideynlərimiz bizim gözümüzdə elə düzgün model yaratmalıdırlar ki, gələcəkdə biz qərarsızlıq yaşamayaq. Qərarsızlıq yaşamamaq üçün valideynlərimizin modelinin axtarmaqla yanaşı biz özümüzə bu sualları verməliyik. Görəsən, evlənəcəyim insan ilə həqiqətən xoşbəxt ola bilərəmmi? Onda olan xüsusiyyətlər həqiqətən məni xoşbəxt edəcək xüsusiyyətlərdirmi, və ya gələcəkdə uşaqlarımın həyat yoldaşıma oxşamağını istərdimmi kimi suallar.

Qərarsızlıq yaradan bir mövzu da sevdiyi insanın evləndikdən sonra dəyişib-dəyişməyəcəyi mövzusudur. Çoxumuz böyüklərimizdən “evlənəndən sonra dəyişəcək” cümləsini eşitmişik. Əgər bu deyim üzərində biz ailə həyatı qursaq və xoşbəxt olmasaq, həyat yoldaşımızın xasiyyəti daha da ağırlaşsa bu zaman günahı böyüklərimizin üzərinə atmaq bizi ziyandan geri çevirirmi? Xeyr, təbii ki. Və yaxud da ikinci bir deyim “uşaq olandan sonra dəyişəcək”. Bildiyimiz kimi bu artıq təsdiqlənmişdir ki, bir ailədə uşaq dünyaya gəldikdən sonra valideynlərin sevgisi ikiyə bölünür. Bundan irəli gələrək düşünək əgər sizin həyat yoldaşınızın uşaq olandan əvvəl sizə sevgisinin miqdarı az idisə və bu sevgi uşaq dünyaya gələndən sonra bölüşərək daha da azaldısa o zaman nə edəcəksiniz? Ona görə də gələcəkdə seçim qarşısında qalmamaq üçün bu deyimlərdən yola çıxaraq ailə həyatı qurmağınız məsləhət deyil. Evlilik təkcə qarşımızda dayanan bir missiya deyil, yəni bizim yerinə yetirməli olduğumuz bir vəzifə deyil, evlilik xoşbəxtliyin qaynağıdır.

Son olaraq demək istərdim ki, seçim edərkən həm hisslərinizin, həm də ağlınızın səsinə qulaq asın, amma qərar verərkən onların ikisindən də yaranan modelə əsaslanın...

 

Aşurova Xədicə 

Go Back

XƏYALƏ MURAD: Super Qəhrəmanlar

10-06-2015

Uşaqlıq-ən qayğısız ömür çağıdır.  Bəzən başınızı işdən ayırıb ətrafı müşahidə etmək lazımdı. Elə məhz belə müşahidələr zamanı uşaqlara diqqət edin. O uşaqları ki, baxışlarında bir dünya gizlidir. O uşaqlar ki, hər kəlməsi həqiqətdir. Reallıq dolu bu dünyada fantaziyanın qanad açdığı çağdır. Baxdıqları cizgi filmi və ya hər hansı bədii filmdə baş rolun ifaçısı gözlərində qəhrəmana çevrilir. O gözlərdə onlar dahi insan kimi, super insan və ya super qəhrəman kimi görünür. Hər uşaq özünə bir qəhrəman seçib. Ya da mənim oğlum kimi bütün qəhrəmanları bir simada cəmləyib. Kimisi “Batman”, kimisi “Spider-man”,  kimisi “Superman” və ilaxır və sairə…

Amma mən sadaladığım fantaziya qəhrəmanlarından deyil, əsl super qəhrəmanlardan bəhs edəcəyəm. O qəhrəmanlar ki, super qəhrəmanlar onlarla müqayisə belə edilməz. O qəhrəmanlar ki, hər gün görür, eşidir və duyuruq. O qəhrəmanlar ki, hər bir uşaq toxuna bilir. Ondan nə aftoqraf alınır, nə adına geyimlər, oyuncaqlar hazırlanır, nə uça, nə də  divara dırmaşa bilir. O qəhrəmanlar ki, hər birimizin evində mövcuddur.

İndi ətrafınıza boylandığınızı hiss edirəm. Çoxunuz düşünürsüz ki, bu nədən danışır, nə super qəhrəman, nə ev? Çox uzağa getmək lazım deyil. O qəhrəmanlar həqiqətən super qəhrəmandırlar. Onlar valideynlərdir. Bəli,  ailədə hər bir valideyn bir super qəhrəmandır. O qəhrəman ki, uşaqlarının sağlam və heç nəyə möhtac olmadan böyüməsi üçün gecə-gündüz çalışar, lazım gəlsə divara da dırmanar, yer də qazar, səmada da uçar. Amma bütün bunları hər hansı bir qeyri-adi super gücə sahib olduqlarından deyil, məhz həyatın məğzini tutmaq üçün edirlər. O valideynlər ki, çörək pulu üçün gecə-gündüz özlərini, sağlamlıqlarını səfərbər edirlər. O qəhrəmanlar ki, biz onları uşaq ikən ideal, gənc ikən zəhlə tökən, evli ikən dəstək gözündə görürük. O valideynlər ki, heç bir fantaziya qəhrəmanının edə bilməyəcəyi qeyri-adi istedada sahibdirlər. O istedad ki, nəsildən-nəsilə ötürülür. Hər kəs zamanla valideyn olur. Və beləcə dünyasını dəyişmiş super qəhrəman valideynlərinin yerini tuturlar. Onlar qədər olmağa və ən az onlar qədər övlad yetişdirmək, geyindirmək, yedizdirmək, oxutmaq üçün son nəfəslərinədək çırpınır, vuruşurlar.

 Filmlərdəki qəhrəmanların tək düşməni mənfi obrazlar olsa da, realdakı super qəhrəman valideynlərin tək düşməni övladının göz yaşıdır. Onun nəyəsə möhtac böyüməsi valideynlər üçün ən ağır zərbədir. O zərbə ki, ondan qurtuluş yoxdur. Qəlbin bir dərinliyində kiçik yaraya çevrilər və zamanla o yara daha da böyüməyə başlayar. Hər bir valideyn üçün övladının sevinci sevinc, fərəhi fərəhdir. Onunla fəxr edər, onunla qürur duyar. Zəhmətinin bəhrəsini görəndə isə ondan xoşbəxti yer üzündə tapılmaz.

Etdiyi qəhrəmanlıqlar kimsə tərəfindən görülməz, hiss olunmaz. Bunu yalnız onlar bilirlər. necə zəhmət çəkdiklərini, nələrə qatlandıqlarını bir tək özləri bilirlər. Uşaqlara isə gülər üzlə yaxınlaşar  və müsbət aura aşılayırlar. Onlara təhlükəsizlikdə olduqlarını hiss etdirər, güvən duyğusunu bəxş edərlər. Hər gün övladını yuxuya verib sabah nə bişirəcəyini, nə alacağını dərd edər. Bəzən bu fikirlər səhərədək davam edər və yuxusunu ərşə çəkər.  Analar-ana olduqları andan etibarən yuxusuz gecələrə qovuşar. Təkcə körpə ikən  gecə-gündüz beşik başında yuxusuz gecələr geçirmirlər, həm də ömür boyu yuxusuz qalmağa  davam edirlər. Bu bir növ valideynlik borcudur. O vərdiş övladı böyüyüb artıq valideyn olanda belə davam edər. Valideyn hər zaman valideyndir. Onun üçün övladının yaşı yoxdur. Onun gözündə övladı hər zaman körpədir. Super qəhrəmanlıq məhz valideyn olmaqdır. Bu qəhrəmanlıq bütün valideynlərin övladı qarşısında borcudur. Övladı da zamanla böyüyüb öz övladları qarşıdında super qəhrəmanlığa qovuşur və bunu nəsildən-nəsilə beləcə ötürərlər. Amma kimsə ömrünü dəyişmiş super qəhrəmanları xatırlamaz və onların nələrlə mübarizə etdiklərini bilməzlər. Çünki zaman dəyişdikcə  zamanın nəbzi də yerini dəyişir. Amma dəyişməyən tək düşmən qalır, o da övladının göz yaşı.

XƏYALƏ MURAD

qadin.net saytının Redaktoru

Go Back

CEYLAN MUMOĞLU: Qəlbləri Qırmayın, İçində ALLAH Var

29-05-2015

O kefsiz idi. Artıq özünü əvvəlki kimi hiss edə bilmirdi. Olub bitənləri rəfiqələrinə anlatsa da, onlarla bölüşsə də, hələ ürəyi sakitləşməmişdi. Onu sakitləşdirəcək, ruhunu dinləyəcək biri lazım idi. "Psixoloqa getsəmmi? Yox, hazırda ona ödəyəcək pulum da yoxdur. Bəs nə edim, necə qurtulum bu acı verən düşüncələrdən? Bu halımla mən özümü yeyib bitirmək üzrəyəm". Səhər yuxudan qalxandan ağzına bir loxma da qoymamışdı. Başı gicəllənirdi. Pəncərəyə yaxınlaşdı. Bir qədər küçəni seyr etdikdən sonra masanın üstündə qoyduğu telefonuna yaxınlaşdı. Bir neçə mesajı vardı, "Rəfiqələrdəndir yəqin, narahatdırlar mənə görə". İnternetə daxil oldu, sosial şəbəkədə bir-iki paylaşmaya nəzər saldıqdan sonra bağlamaq qərarına gəldi. Anidən durdu, rəfiqəsinin ona məsləhət bildiyi bir xanımla danışmaq üçün mesaj qutusuna göndərdiyi profil ünvanını xatırladı. Həmin mesajı dünən də açmışdı, amma "Eh" deyib bağlamışdı. Bu gün isə yoxlamaq qərarına gəldi. "Axı biri mənə mütləq kömək etməlidir. Mən bu cür çox davam gətirə bilməyəcəyəm". Artıq gözləmədən rəfiqəsinin göndərdiyi ünvana yazmağa başladı.

- Salam. Sizinlə danışmaq olar?

- Əleykümə salam. Buyurun.

- Kiminləsə danışmağa ehtiyacım var. Rəfiqələrim məni tam anlamırlar, bəlkə də mənə belə gəlir.

- Anlayıram. Çəkinməyin.

- Mənə elə gəlir ki, insanların bir-birinə ehtiyacı yoxdur artıq. Hər kəs bir-birini aldadır, hərəkətləri, danışıqları ilə nəsə umurlar.

- Sıxıntılarınız var deyəsən, bölüşə bilərsiniz, dinləyirəm sizi.

- Bir il əvvəl bir oğlanla tanış oldum. Mən onun hisslərinə heç cür inana bilmədim. Bir gün mənə sevgisini etiraf etdi. Mənsə ona "Bu sevgini dərindən hiss edə bilmirəm" cavabını verdim. O isə "Mən nə edim ki, səni sevdiyimə inanasan?" deyirdi. Bir müddət yenə məni izlədi. Hər gəlişində sevgisini hiss etdirməyə çalışırdı. Sonra bir gün daha gəlmədi. On gün heç yerdə görünmədi. Mən narahat olmağa başlamışdım. Hiss edirdim ki, ona bağlanmışam. Əvvəlki kimi məni izləməsini, dərsdən çıxarkən gözləməsini və qayğımı çəkməsini istəyirdim. Yoxluğundan darıxmağa başlamışdım. Və bir gün yenə dərsdən çıxarkən məni gözlədiyini gördüm. Çox sevinmişdim. Ona niyə belə etdiyini soruşduqda xəstə olduğunu və gələ bilmədiyini demişdi.

- Siz onun xəstə olması məsləsinə inanmışdınız?

- Bəli. Həmin gündən sonra səmimi münasibətimiz yarandı. Bir-birimizi görmədikdə çox darıxırdıq. Ən çox da mən. Düşünmüşdüm ki, bu, həqiqi hisslərdir və artıq hər ikimizdə mövcuddur. O isə münasibətlərimizin daha da səmimi olması üçün əlindən gələni edirdi. Günlərin bir günü o, yenə gözlənilmədən yoxa çıxdı. Telefonu söndürülmüş, heç bir yerdə izi-tozu qalmamışdı. Sanki havaya buxarlanmışdı. Mən yenə üzülməyə, darıxmağa başladım. Niyə belə etdiyini, ən əsası da xəbərsiz itməsini anlamırdım.

- Belə yoxa çıxması sizdə şübhə oyatmadımı?

- Oyatmışdı əslində.

O, bir xeyli zaman yazmadı. Deyəsən qəhərlənmişdi. Sonra davam etdi.

- Düşünürdüm ki, yəqin səhhəti ilə bağlı yenə nəsə baş verib, ona görə əlaqə qura bilmir, gözləməkdən başqa çarəm qalmırdı. Hətta özümü qınamağa başlamışdım ki, niyə axı onun haqqında məlumatları, harda yaşamasını, yaxın insanlarını öyrənməmişdim. Və bir gün dərsdən çıxarkən onu yol kənarında başqa bir qızla danışan gördüm. Bir anlıq nə baş verdiyinin fərqinə varmaq istədim, amma artıq şok keçirirdim. Nə edəcəyimi bilmədim. Məni bu vəziyyətdən elə o özü çıxardı. Yaxınlaşaraq salamlaşdı və yenə də xəstə yatdığını dedi, az əvvəl danışdığı qızın isə qrup yoldaşı olduğunu bildirdi. Mən isə danışa bilmirdim. Hiss edirdim ki, nəsə yolunda getmir, amma bunu ona bildirməyi də mənasız hesab edirdim.

Sonunda özümə gəlib güclə eşidiləcək bir səslə, "Səni anlamıram, Teymur, bu davranışlarını izah edə bilərsənmi?" - dedim.

- Nəyi izah edim, Lalə? Dedim axı, xəstə idim, əlaqə saxlamağa heç halım yox idi.

- Məncə, sən yalan söyləyirsən, məqsədin nədir? Nəyə nail olmağa çalışırsan? Dürüst ol!

- Düzünü bilmək istəsən, mən artıq istədiyimə nail olmuşam. Səni heç vaxt sevməmişəm. Sadəcə, inadkar qızları da tora salmağı bacardığımı sübüt etdim özümə. Bu qədər sadə. Səninlə əylənmək istəyirdim. Sən ilk gündən təcrübədən keçirdiyim digər qızlardan biri olmusan mənim üçün. Bundan artıq dəyərin yoxdur gözümdə!

- Rədd ol qarşımdan! "Pişiyin ağzı ətə çatmayanda deyər iy verir". Səni bir daha görmək istəmirəm!

Bu, bizim son söhbətimiz idi. Mən həmin gündən qəlbi qırılmış birisiyəm. Belə haqsızlıq məni çox üzür. Mən bu haqsızlıqla necə yaşamağa davam edim, bilmirəm.

- Anlatdığınız hekayəyə bənzər hekayələri çox dinləmişəm, hamısının da acı çəkdiyi yer sınıq qəlbləridir. Odur ki, ürək sındırma ilə bağlı kiçik bir araşdırma aparıb yazı hazırlamışam. İstəyirsiniz, söhbətə davam etmədən əvvəl həmin yazını oxuyun.

Qəlbləri qırmayın, içində Allah var

Ürək sındırmaq, könül yıxmaq, incitmək, incimək, qəlb qırmaq. Bu kimi sözləri çox eşitmisiz. Bir insanın ürəyini sndırmaq nədir, bilirsinizmi?

Ürək sındırmaq müxtəlifdir, forması, dərinliyi, ustalıqla hazırlanmasına görə bir-birindən fərqli, çeşidlidir. Bəzi mənbələrdə qəlbin qırılması hadisəsini övlad itkisindən sonra ən dərin üzüntü, iztirab kimi göstəriblər. Xalq arasında “Bir insanın qəlbini qırmaq Kəbəni yetmiş dəfə dağıtmaq qədər günahdır” deyimi çox geniş yayılıb. Deyirlər, insan daşdan sərt və güldən də nazikdir. Yəni o, qırmağa və qırılmağa sahib xüsusiyyətlərə malikdir. Xalq ozanı Yunus Əmrənin qəlb qırılmasına dair kamil baxışı belə idi:

Bir kəz kö­nül yıx­dın isə,

Bu, qıl­dı­ğın na­maz de­yil.

Yet­miş iki mil­lət də­xi

Əlin-üzün yu­maz de­yil.

Burda nə görürük ? Şübhəsiz ki, səmimi qəlblərin Allah dərgahında böyük dəyəri vardır. İslam alimləri insan qəlbini Kəbəyə bənzətmişlər. Könül yıxmaq Kəbəni yıxmaqdan daha böyük bir günah kimi qəbul edilir. Sizcə, niyə Kəbəni yenidən tikmək mümkün olduğu kimi qırılan bir qəlbi bərpa etmək olmur? Çünki, Kəbəni insan yaratmışdır, onu bir insanın yenidən inşa etməsi mümkündür. Qəlbi yaradan, ona dəyər verən, təcəlli edən isə Allah-Təaladır, insan onu yenidən bərpa etmək qüdrətində deyil! Yəqin elə buna görədir ki, Yunus Əmrə könül barədə fikirlərini bu cür izah edib:

Könül Çələbin taxtı,

Çələb könülə baxdı.

İki cahan bədbəxti,

Kim könül yıxarsa.

Allah-Təala müqəddəs Quranda belə buyurur:

“Bilin ki, Allah insanla onun qəlbi arasına girər və siz axırda onun hüzuruna cəm ediləcəksiniz!” (Ənfal, 24)

Kiçik bir rəvayətlə qırılmış qəlbin düzəldilməsinin mümkünsüz olmasını izah etməyə çalışacağam.

Qəlbləri qırmayın, içində Allah var!

"Bir gün atası pis davranan oğluna bir taxta alır və deyir: "Oğul, hər qırdığın qəlb üçün bu taxtaya bir mismar çax". Oğul atasının sözlərinə əməl edir. Bundan sonra atası "İndi də hər kəsin könlünü al, üzr istə və bu mismarları bir-bir taxtadan çıxar" deyir. Oğul atasının bu xahişini də yerinə yetirdikdən sonra ata taxtanı əlinə alaraq oğluna nəsihət verir: "Bax, oğlum, bu taxtanı görürsənmi? Mənim sənə verdiyim əvvəlki halda deyil artıq. Onu sənə verdiyim şəkildə görə bilməyəcəksən. İnsan qəlbi də belədir. Bir dəfə qırdınmı, incitdinmi, əvvəlki halına dönməsi müşkül məsələdir, hətta mümkünsüzdür. Buna görə də bu məsələlərdə çox diqqətli olmalısan!"

Rəvayətdən də göründüyü kimi, qırılımış qəlbi hətta sonradan üzr istəməklə də bərpa etmək mümkün olmur! Şair Əliağa Vahid də bu haqda belə deyib:

Naşad eləyən könlümü dilşad eləsən də.

Sındırmısan, əl vurma sınıq könlümə, zalım.

Viranə düzəlməz necə abad eləsən də.

Doğrudur, müasir tibb aləmində zərər görmüş ürəyi (qəlbi) sağaltmaq, hətta xəstəyə yeni ürək köçürmə əməliyyatları da artıq məlumdur və mümkündür. Ancaq bu, məsələnin fiziki tərəfidir. Bəs mənən zərər çəkmiş ürəklər necə sağalsın? Sağalmaq nədir, hələ son 10 ildir ki, belə bir xəstəlikdən də danışılır - "Qırıq qəlb sindromu". Qəlb qırıqlığı sadəcə mənəvi deyil, fiziki narahatlığa da yol aça bilər. Böhran əlamətləri göstərən xəstəliyin müalicəsi də fərqlidir. İnfarktı təqlid edə bilən qırıq ürək sindromu bədənin şiddətli stressə verdiyi fərqli bir cavab reaksiyasıdır. "Qırıq ürək sindromuna" "Takotsubo sindromu" da deyilir. Takotsubo - Yapon balıqçılarının səkkizayaqlı ilbiz ovlamaq üçün istifadə etdikləri bir növ saxsı qabdır və bu xəstəliyə tutulanların ürəyinin görünüşü kardioqramda həmin saxsı qaba (çömlək) bənzəyir. Bu vəziyyət ürəyə ciddi şəkildə təsir edir, bədənə kifayət qədər qan vura bilmir və nəticədə ürək çatışmazlığı yaranır. Əlamətləri infarkta çox oxşadığı üçün bir çox həkim bu vəziyyəti infarktla səhv sala bilir.

"Qırıq qəlb nəzəriyyəsi" üzərində çalışan tədqiqatçılar, xüsusilə avstriyalı nevroloq Yrsa Sverrisdottir və həmkarları iki il müddətində qırılmış qəlbləri incələyərək qəlbin əslində necə qırıldığını tapıblar. Onların sözlərinə görə, stress altında hücuma keçən hormonlar ürəkdə yığılır və bu zaman ürək özünü müdafiə etmək üçün qapanır. Beləliklə, ürəyin şəkli dəyişir və orqanlara qan vurmaqda çətinlik çəkir. Hələ bundan xeyli əvvəl - 1920-ci illərdə stress nəzəriyyəsinin yaradıcısı hesab olunan Kanada endokrinoloqu Hans Selye canlılar üzərində təqqiqat apararaq bu nəticəyə gəlib ki, qəlb qırılması zamanı stress hormonları, əsasən də adrenalin onlarca dəfə artır ki, bu da ürəyin işləmə funksiyasına mənfi təsir göstərir. Bu səbəbdən də ürəyi sınmış insanlarda yuxusuzluq, iştahsızlıq, hərəkət etmənin azalması və ya hər hansı bir iş görməyə istəksizlik yaranır.

Görürsünüzmü, qırıq, sınmış ürək nələrə gətirib çıxara bilir?

Bəzi insanlarımız var ki, qəlb qırmaqdan, ürək sındırmaqdan sanki zövq alırlar - bir dəfə incidirlər, sonra təkrar edirlər, daha sonra azğınlaşıb qəlbi qırıq-qırıq, çilik-çilik edir, hətta bu azmış kimi "üstünə çıxıb tapdalayır" və bundan bir "qalib" kimi həzz alırlar. Amma anlamırlar, anlamırlar ki, insan Qəlbi bütün fəzilətlərin məskəni və mərkəzidir. Mənəvi qəlbə könül dеyirlər ki, Allahın insana rəhmət еtdiyi ilahi sirlər onunla bağlıdır. Könül insanı sənin haqqını tapdalamaz, düşmənçiliyə düşmənçiliklə, zülmə zülmlə cavab verməz. Ən çətin vəziyyətdə belə soyuqqanlılıqla, hadisələr qarşısında sarsılmadan, təmkinlə hərəkət edər, nə olursa-olsun, bir könül əri olmağın vəzifələrini mükəmməl şəkildə yerinə yetirməkdən əsla çəkinməz. Pislik edənlərə hər zaman yaxşılıqla cavab verər. Pis işləri şər qüvvələrin işi sayar və bir xeyirxahlıq abidəsi olmağa çalışar.

Allah Müqəddəs Quranda buyurur:

“Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O za­man sə­nin­lə ədavət aparan kimsə sanki ya­xın bir dost olar. Bu isə ancaq səbr edən­lərə ve­ri­lir və ancaq böyük qis­mət sahib­lərinə nə­­sib olur” (Fussilət, 34-35).

Qəlbin qırılması bir insanın yalnız özü ilə bağlı olan proses deyil. Qəlb tək bir söz, acı xəbər, bir haqsızlıqdan da qırıla bilər. Qəlb xaricdən gələn təsirdən qırılır.

Qırılmış qəlbləri gələcəkdə daha çox qırılmalardan qorumaq üçün hadisələrə qarşı soyuqqanlı ola bilmək bacarığını inkişaf etdirmək lazımdır. Yalnız bu zaman stress azalacaq və ürək daha az zərər görəcək. Qəlbi nəzarət altına ala bilmək hər birimizin sağlamlıq borcudur.

Məqalədə qeyd etdiyim kimi, qəlb qırılması həm də hərəkətsizliyə gətirib çıxarır. Bunun qarşısını almaq üçün mütləq idman hərəkətləri, fiziki işlər görmək vacibdir.

Düzdür, həssas ruhlar tez qırılır, tez inciyir. Amma həyat öyrədicidir. Əsas olan öyrənərək, inkişaf edərək yetişməkdir, müdrikləşməkdir. Həyatı olduğu kimi - həm sevinci, həm də kədəri ilə qucaqlamağı öyrəndikcə qəlb daha az qırılır. Buna görə də ilk əvvəl özünüzə, daxilinizə səyahət etməyi öyrənməlisiniz. Mütaliənizi gücləndirin, anlamadığınız məsələləri araşdırıraq öyrənin, biliklər əldə edin. Dünyagörüşünüz artsın. Bir sözlə, ürəyinizin yüksək dozada sevinməsi üçün heç nəyinizi əsirgəməyin. Və bu yolda Allahın göndərdiyi müqəddəs Qurani Kərim bizlərə işıq olsun.

Yazını oxuduqdan sonra Lalə əvvəlcə utandı, öz sadəlövhlüyünü anladı. Sən demə, onun kimi qəlbi qırılanlar çoxmuş. O isə günlərdir nə qədər əzab çəkdiyinin fərqində deyilmiş. Bundan əlavə, Lalə inanılmaz dərəcədə rahatlaşmışdı. Onu dinləyən və yazısı ilə kömək olan xanıma dəfələrlə "Çox sağ ol" deyib təşəkkürünü bildirdi. O, artıq məlumatlı idi. Acısı hələ tam keçməsə də, yüngülləşmişdi.

 

CEYLAN MUMOĞLU

qadin.net saytının Baş Redaktoru

Go Back

Yanğında dünyasını dəyişən UŞAQLARIMIZA həsr olunur

20-05-2015

Sənin canın yanmasın qızcığaz! Yəqin elə hey bunu deyiblər sənə. Evə gələn əmilərin, bibilərin, yolda səni görən insanların dilindən bu söz heç vaxt düşməyib. Yanaqlarını sıxıb, kənardan nazına-qəmzənə tamaşa edib gülümsəyiblər. Elə şirin gülürsən ki, elə günahsızsan ki, sənin yoxluğunu anlayanda adamın lap ürəyi alışır. Yox balaca. O günkü, kimi məsuliyyətsizlikdən alışmır heç yer qorxma, ağrıdan, sızıntıdan alışır.

Çantan nə gözəldi sənin. Nə tez tələsmisən bu yaşda çanta daşımağa? Məktəbi bu qədərmi sevirdin? Oxumağı bu qədərmi arzulayırdın? Kim olmaq istəyirdin böyüyəndə? De mənə, çantandakı arzuların nə qədər idi? De görüm, kimdən öyrənmişdin o şəkildəki kimi sağ əlini çənənin altına qoyub, ədalı-ədalı gülməyi? Mama-papa neçəyə qədər saymağı öyrətmişdi sənə?

***

Bilirsən, bu gün hamı səndən danışır. Hamı səni düşünür, hamı sən mələk olarkən nə çəkdiyini hiss eləmək istəyir. O qara, zəhərli dumanların içində balaca bədəninlə verdiyin savaşda məğlub olmağına etiraz edirlər. Üsyan etmək istəyirlər, ilahiyə. Balaca ciyərinə dolan qara tüstünün sənə necə əzab verdiyini bilmək istəyirlər. Sənə baxıb, evindəki qızının başını qucaqlayıb qəhərə boğulan bibilərin, əmilərin sayı bilirsənmi nə qədərdir? Bu gecə ağlamayan nə qədər böyükləri ağlatdın bilirsənmi heç?

***

Tək olmadığını bilirik. Ömər də, Ayan da, Ayxan da səninlə birlikdə getdilər. Oynadığınız oyunlar qədər ədalətli olmadı bilirəm. Bu oyun da mamanın “Fərəh, mama qurban gəl yeməyini ye, sonra yenə oynayarsan” deməsi ilə bitməli idi. Bu oyun da papanın qapını açıb evə girəndə sevincək qırağa tulladığın oyuncaq qızcığazın bir küncə düşməsi ilə bitməli idi. Amma onların da səsi çıxmadı. Qışqırammadılar evi bürüyən qara tüstünün əlindən, boğuldular...

Ömər də, Ayan da, Ayxan da sən də bu alovların hələ təzə yola saldığımız Novruzdakı tonqala bənzətdiniz. Oradakı kimi şənlik olduğunu düşündünüz. Oyun olduğunu düşündünüz. Papa-mamanın sizi qucağına alıb üç dəfə ocağın başında fırladacağını zənn etdiniz. Amma onların da gücü çatmadı bu oyunda...

Yandı canınız bilirik. Sizin canınız yanmasın deyən böyüklər bu dəfə yanaqlarınızı sıxmadılar. Bu dəfə sözlərində durmadılar böyüklər. Canınızı yandırdılar. Hər tərəfi bürüyən qara tüstünün içində ciyərlərinizi boğdular.

***

Bu gün hamı sizdən danışır. Bu gün hamı sizi düşünür, hamı sizə nağıl danışmaq üçün sıraya düzülmək istəyir. Ölümünüzə səbəb olan əmilərdən cavab gözləyir hamı. Günahkarların tutulmasını, onların cəzalandırılmasına inanırıq. Olacaq. Sizi qara tüstüyə boğan, oyuncaqlarınızı kül edən, bir çanta dolusu arzularınızı, gələcək sevgilərinizi, göz yaşlarınızı, sevgi ilə dolu anlarınızı, ata-ana olmaq arzunuzu, böyük adamlar olmaq istəyinizi əlinizdən alan həmin günahkar cəzalandırılacaq.

Qəlbimizi dağlayan o gözəl gülüşünüzün sönməməsi üçün o adamların cəzalandırılmasını gözləyəcəyik! Sizə - məzarınız başında “canınız yanmasın” deyə bilmək üçün gözləyəcəyik. Bu dəfə yanaqlarınızı sıxmadan, kənardan naz-qəmzənizə tamaşa etmədən gözləyəcəyik!

Əfsələddin Ağalarov

azxeber.com

Go Back

Özünüz olun!- BƏDƏN DİLİ

01-05-2015

Bəli hər gün şəxsi inkişafla bağlı yüzlərcə kitab işıq üzü görür.  Çoxu da digərlərindən kopyalaraq. Bu yazını bəzi kitablara söykənərək günlük davranışlarını və xasiyətini dəyişənlərə ünvanlamaq  istəyirəm.  Ünvanlamaq istədiyim kəslər  bunu oxuyanlar, dostlarımız, tanıdıqlarımız və mən də ola bilərəm.  Bir il əvvəl mən də `Dip` deyə bir kitab aldım, doğrusu öyrənməyə dəyəcək bir şeylər yox idi. Bəzi dibə bənzər grafiklərdən  bəhs edirdi. İnsan nəyə görə necə hərəkət etməlidir, problemlə qarşılaşanda nə etməlidir, qısacası həyatımıza yön verirdi. Bu yaxınlarda isə tanıdığım və keçən il seminarında olduğum bir Türk yazarın 3 ədəd ard-arda kitabını oxudum. Sizə bəhs edəcəyim kitabın adı isə `Dikkat Vücudunuz Konuşuyor!`dır. Bu yazar isə bəlkə bir çoxunuzun bildiyi Ahmet Şerif İzgörendir. Kitabda bədən dilini və incəliklərini, qarşıdakına müəyyən şeyləri çatdırmaq(mən səndən güclüyəm, səndən çəkinirəm, özümü qoruyuram, amma, savaşa hazıram və s.), əgər təlim verən birisəniz , tətbiq edəbilcəyniz bəzi ipucları  və siyasətdə istifadə olunan bədən dili və b. Amma, belə ki  bu adam kitabın başında, sonunda və yalnış xatırlamıramsa ortalarında hər dəfə vurğulayır ki, mən bunları sadəcə bilin deyə yazıram, siz hər zaman özünüz olun. Birisi sizə tətbiq etməyə çalışarsa xəbərdar olun və qarşı müdafiəyə keçin. Diqqət etdim adam heç bir kitabında bunu edin , belə edin demir. Əslində olan da budur, sadəcə özümüz olmalıyıq. Kiməsə necəsə görünmək üçün və ya mən beləyəm mesajını vermək üçün oxumaq o cümlədən özümüzü dəyişdirməyə çalışmaq və bu  yöndə inkişaf etmək zənnimcə yalnışdır. Bu inkişaf deyil, bu təqlidçilikdi və iki şeydən  əmin olun ki, insanlar sizi olduğunuz kimi qəbul etməyi , yalan pərdələr arxasına gizlənməkdən daha üstün tuturlar və nə qədər təqlid bacarığınız yüksək olsa da dünyadakı ən yaxşı təqlidçi ola bilməzsiniz. Zatən tam olaraq sizin xasiyyətinizi , davranışlarınızı köklü dəyişməyiniz  demək olar ki mümkün deyil. Ehtimal var, David Kolbun teoreminə görə sadəcə insanların %12`i  davranışlarını dəyişdirə bilir.

 Keçək kitab qisminə.. Deyə bilərsiniz ki, bəzi nöqtələri - siyasi rəhbərlərin bir birlərinin əlllərini necə sıxmalarının fərqini, qarşısındakının qapıdan ilk keçməsini  istədiklərini və əl sıxarkən digər əli ilə qarşıdakının dirsəyindən sıxmasını yorumlaya bilmirik. Əlbəttə, haqlısınız  bədən dilində bildiyimiz qədər bilmədiyimiz çox incəliklər var. Amma, fikrimcə normal günlük yaşamda  hər kəsin də bu incəlikləri bilməsi  zəruri deyil.  Ən azından hər kəs iş üçün müraciət etdiyi müəssisənin insan resursları departamentindən biriylə müsahibədə olarkən və ya müdürün otağındaykən qarşısındakının özəl bir əşyasına icazəsiz toxunduqda həmçinin alıb incələdikdə o işə əlvida deməyə qəbullanmalı yaxud müdürlə aralarındakıdakı soyuq savaşa hazır olmalıdır. Bu misalı niyə verdim deyə sora bilərsiniz,çünki bu və bu kimi şeyləri hər kəs bilir. Bizi yönləndirəcək yaxud bu kimi bilinən şeyləri əmr edəcək  hər hansı kitab olmadan da belə günlük bir davranışın səhv  həmlə olduğunu anlaya bilərik məncə. Deməyə çalışdığım bəzi yazarlar oxucularını bir insan deyil də robot olaraq görür və "önərilər"ini də ona görə yazırlar . Sanki bizlərin heç bir şeydən xəbəri yoxmuş, sanki sərbəst hərəkət etmək ayıbmış kimi yalnız orda yazılanları təkrarlamalıyıq.

Şərif bəydən əsinlənib toxunmaq istədiyim son nöqtə isə müxtəlif yazarların kitablarında bəzi hərəkətlərin bizim mədəniyyət və kültürümüzlə uyğun olmamasıdır. Başqa bir misal olaraq mənim bildiyim meydan oxuma oturuşudur:  Bədən tam rahat və bir ayaq digərinin üstünə tam açılacaq şəkildə qoyulur(normal ayaq ayaq üstünə deyil). Bu oturuşu qarşıdakına meydan oxuma, rəqabətə hazır kimi yorumlaya bilərik. Əsasən satış menecerləri istifadə edir. Misal üçün siz  bir həmkarınızın , iş yoldaşınızın  qarşısında belə otursanız, qarşınızdakı şəxs tərəfindən sözlə olmasa da, baxışlarla ağır təyziqlərə məruz qalacaqsınız. Çünki belə bir hərəkət bizdə mədəniyyətin çatmaması kimi şərh edilir . Bildiyiniz kimi bəzi şeylər bizim kültürümüzdə yoxdur, fikrimcə olmasına da ehtiyac yoxdur. Başqa bir misal , qızın biri Şərif bəyə məktub göndərib ki, siz kitabda yazmısız  qarşıdakı ayaqlarını çarpazlaşanda qarşıdakı narahatdır və ya deyəcəyi bir şey var (məhbusları sorğulayanlar da bəzən ayaqlara baxır çarpazsa hər halda anlatacaq bir şeylər vardır) kimi anlaşılır amma, bizim böglədə elə oturmaq mədəniyyətdəndir , əsasən də böyüklərin qarşısında. Buna açıqlama gətirməyə ehtiyac yoxdur hərhalda anlatmaq istədiymi siz çoxdan anladınız və əminəm hər kəs burda yazılanı bilirdi. Yenə bir yazara ehtiyac yox idi, sizi yönləndirmək yerinə vəziyyəti kənardan şərh etmək üçün əlimdən gələni etdim, özünüz olun dostlar.

 

İbrahim Bədəlov

 

Go Back

TÜNZALƏ TALIBLI - Bir Lady-nin günlüyü

22-04-2015

     

Sizı təqdim edəcəyim bu həyat hekayəsində qəhrəmanımı X-Lady deyə adlandırdım.Pasientimə söz verdiyim kimi çalışacam şəxsi məlumatları gizli saxlayım.

X-Lady-nin gündəliyindən

12.11.2009.Bu gün mənim 18yaşım tamam oldu.Ad günümü ailəm və ən çox sevdiyim dostlarımla birlikdə keçirtdim.Çox gözəl idi.Çoxlu hədiyyələr aldım,içində ən çox istədiyim marka notebook və telefonda var.Çox sevincliyəm çox,görən yata biləcəyəm?.Sabah hərşey daha gözəl olacaq.Axı mən böyük qız olmuşam.

 

5.04.2010: Çox xoşbəxtəm bilirsən dostum yeni profilimdə bir oğlanla tanış oldum.O çox yaraşıqlıdı, çoxda şirin.O məni hamıdan çox isdiyir.O da mənim kimi Universitetdə birinci kursda oxuyur.

5 aydıki səndən uzaqda qalmışam köhnə dostum bağışla məni.Biz deməy olar hərgün görüşürüy.Evə gələndən sonrada dərs oxuyuram azca,sonra televizor,notebook,sonrada yatıram.

 

8.06.2010: Nifrət eliyirəm hərşeyə,onada ,özümədə bu həyatada.O,tanıdığım ən vicdansız adamdı.Yox o heç adamda deyil.Allaha tapşırdım onuda o yanındakı sarı saçıda Allah bildiyi kimi eləsin.

 

10.07.2010: Bu gün dərsdən evə gələndə həyətdə qışqırıq səsi eşitdim.Atam bərkdən qışqırırdı.Ola bilməz,bir çıxış yolu olmalıdı axı.. deyirdi.Anam qapını açanda ani qışqırıq səsi gəldi və ani səssizlikdən sonra salondakı o xaricdən gətirdiyi suvinerləri,anamın ən çox sevdiyi qabların hamısını sındırdı.

Mən atamı heçvaxt belə görməmişdim.yanına getdim.mənə- get qızım get .dedi.

 

21.10.2010: Atam evə hərgün içkili gəlir.Əlimizdən gedən bütün mal varlığımızla yanaşı xoşbəxtliyimizi də itirdiy.Nə sərvət qaldı nə də hörmət.Mən başa düşə bilmirəm axı niyə sərvət olanda insanlar sənə az qala tənzim edərkən,pulun gedəndən sonra sən heçkim olursan onlar üçün..

 

25.11.2010: Mən artıq dözə bilmirəm.Universitetdə heçkəsin üzünə baxa bilmirəm,hamı mənə acıyaraq baxır,arxamdan yazıq nə günə qaldı deyirlər.Gecə anamın hıçqırıqları,səhərdə içki butulkalarının səsi məni artıq bezdirib.

Niyə?Niyə axı mən?

Atamki mənə mələk qızım deyərdi,mənim qanadlarım öz əlləriylə qırdı..

 

26.11.2010: Bu səninlə son görüşümüzdür.Əlvida köhnə dostum.Əlvida ana,kaş sənidə apara biləydim bu cəhənnəmdən...

 

5.12.2010: Bunuda bacara bilmədim.Qolumdaki dərin çapıqla,hə bir də dərmanlarımla həkim məni evə buraxdı.

Necə olduki biz xəstəxanaya getdik,orda mən neçə gün yatdım heçnə yadımda deyil.Bircə o yadımdadır ki, gözümü açanda anam - şükür ay Allah,onu mənə bağışladın şükür sənə- deyirdi.Hə anam yenə ağlayırdı ama bu dəfə sevincdən.

Evə gələndən sonra atam mənə söz verdiki birdə içki içməyəcək və  anamı incitməyəcək.

 

21.01.2011: Semestr imtahanlarımı bitirdim və bugün tətilə çıxırıq.Həkimin məsləhəti ilə getdiyimiz ikinci tətildi bu.Mən özümü həmişə xoşbəxt hiss edəcəyim şeylər etməliymişəm..

 

25.12.2011: Bu gün mənim həyatımda ən xoşbəxt günümdür.O mənə evlənmə təklifi etdi və biz evlənirik.Anam da atam da çox xoşbəxtdilər.Onlar nişanlımı çox isdiyirlər.Elə nişanlımın ailəsidə məni.

 

X-Lady: O məni qolumdaki izlə qəbul etdi.İlk dəfə bu nədi deyə soruşanda mən ona danışdım hərşeyi və o elə bil dəli olmuşdu.Məndən öz canına and içdirdi ki birdə bunu etmiyim.O məni bu çapıqla sevdi,bəs mən özümü bu çapıqla sevirəmmi?

Bu çapıq mənə həyatımın ən pis günlərindən bir xatərə olaraq qaldı.Nə vaxt qoluma baxsam o pis günləri xatırlayıram.Ətrafımdakılar görməsin deyə qolumda həmişə qalın parçadan qolbaqla gəzirəm.Bu çapıq izini daşımaq istəməzdim,infeksiyadan sonra çapıq yox daha çox yara izi kimi qaldı qolumda.Çox heyfislənirəm və çox peşmanam,gələcək xoşbəxt günlərimə kaş bu keçmişin pis xatirələriylə getməzdim...

Bəzən fikirləşirəm- məni birazda gec tapsaydılar?,xəstəxanaya birazda gec çatdırılsaydım?,gözümü heç açmasaydım?.O zaman nə olardı bəs?.Bugünkü bu xoşbəxtliyi yaşaya bilməzdim.Arxamda hərşeyini itirmiş bir ana və ata qoyardım.Axı olar həmişə sən biizm ən dəyərli varlığımızsan deyirlər.

 

Oxucularınıza xahiş edirəm bunuda çatdırın.

Heç kəs və heç nə üçün dəyməz!.Dəymir,mən yaşadım.Dəyməz!

Tünzalə Talıblı

 Xəzər Universiteti, Psixologiya fakultəsi

 

X            

 

Go Back

Ədalətsiz Dünya

20-04-2015

     “Hər şeyin insanın öz əlində olduğu”, “Allahın insanı azad yaratdığı” bir dünya var idi...

      Şəhər işıqlarından xeyli aralıda, sakit və qaranlıq gecələri olan kəndlərin birində tənha, bədbəxt bir ev yerləşirdi...

      Təkcə insanlar tənha, bədbəxt olmurlar, evlərin də tənha olanı var, talesizi var, bədbəxti var. Hər evin digərinin yanında xəcalətli olası məqamı var...  Bu ev də həmçinin, çoxdan itirmişdi özünün xoşbəxtliyini, çoxdan itirmişdi özünün ümidlərini... İllər əvvəl bu evi tərk edib getmiş bir ananın ayaq izləri görünürdü həyətində, odunların üstünə sancılmış baltanın sapı laqeyd bir atanın çıxıb getdiyi yolları işarə edirdi sanki...  

      Onlar evi yox, öz analıqlarını, atalıqlarını tərk edib getmişdilər illər əvvəl, insanlıqlarını da vicdanları ilə yanaşı dəfn etmişdilər içlərində... Birdə, yeganə qızlarını miskin taleyi ilə üz - üzə buraxmışdılar bu evin damları altında, divarları arasında... Həmin qız ki, illər keçəcəkdi və gəlin köçərkən dünyanın ən ağır cehizini aparacaqdı ər evinə, anasının ona bəxş etdiyi yeganə cehizi: anasızlığını. Dünyanın ən ağır dərdini çiyinlərinə alıb daşıyacaqdı ata evindən ər evinə... 

      Nə edəsən taleyin bu oyunu qarşısında? Adanın sahilinə yenicə yan almış bir gəmi kimi, gözünü açar açmaz həyatın bu hiyləsinə qurban gedən bir qızcığazın günahı nədir axı?  “Hər şey insanın öz əlindədir” , “Allah insanı azad yaratmışdır” dedikləriniz budurmu?!

      Hamımız bir oyunun oyuncaqlarıyıq. Allahın yazdıqlarını yaşamağa məcbur, icazəmiz və günahımız olmadan atıldığımız ədalətsiz dünyaya məhkumuq...   

Cavindan Mirzəzadə

Go Back

Mən Autizmə qalib gələcəm

18-04-2015

xalide3-4 yaşlı uşaqlar ətrafda qaçır, kimi maşınla, kimi kukla və ya digər oyuncaqlarla oynayır. Kənardan izləyənlər maraqlı məqamlarda gülür, uşaqların inkişafındakı irəliləyişlər haqqında danışırdılar. O isə kənarda dayanan oğlunu və onun necə fərqləndiyini izləyir. Əlindəki maşını bərk qucaqlayıb yerində yellənən, bir nöqtəyə baxan oğlunun həyatında heç eşitmədiyi, məlumatı olmadığı bir dünyada yaşadığını qəbul edib. Amma ananın gözlərinə baxa bilməyi bacarsanız, o uşaqlardan biri kimi olmağı, ona “ana”  deməsi, oyun oynaması, qucağına gəlməyə can atması üçün hər şeyi verəcəyini görərdiniz.

Bir anlıq uşaq olduğunuzu düşünün. Eşitmə probleminiz olmadığı halda ətrafdan sizi çağıranların səsini eşitmir, anlamır, kimin çağırdığını ayırd edə bilmirsiniz. Heç kəsin duymadığı ən xırda mexaniki səsləri, addımları, qoxuları duyursunuz. Özünüzə zərər verirsiniz, başınızı çırpır, özünüzü dişləyir, cırmaqlayır, amma ağrı hiss etmirsiniz. Ətrafda hər kəs ünsiyyət qurur, amma siz bunu necə edəcəyinizi anlamırsınız. Oyuncaqlarla necə davranacağınızı bilmirsiniz. Ətrafda baş verənləri, insanların nə etdiyini, danışdığını dərk etmirsiniz…

Və ya məhz bu cəhətlərdə bir övladınız olduğunu düşünün. Böyük ehtimal qulağınızı çəkdiniz. Amma nəsə demək lazım olduğu zaman “min dərdə dərman” məsləhətlər verərik. İzlədiyimiz filmlər, həyat təcrübəmiz bizə “bol və faydalı”  bir nitq səsləndirməyimizə imkan verər. Heç vaxt o ananın nə hiss etdiyi haqqında anlayışımız olmaz. Dinləməyə vaxt olmaz, dinləsəniz isə yazığınız gələcək. Onun nə hiss etdiyini, nə istədiyini anlamayacaqsınız. O, həmişə təmkinini qoruyacaq. Ona balaca “müəllimi” öyrədib səbr etməyi. Siz onu baxışlarınızla süzərkən, yanınızdakı ilə müzakirəyə başlarkən o, yenə də təmkinli davranacaq. Görəcək, hiss edəcək, inciyəcək. Amma onun məqsədi, sevgisi üçün maneə olmayacaq. Bəlkə də bu yolda onu balacadan çox ətraf yoracaq. Qohum, qonşu, tanımadığı imsanların müzakirəsi, mühakiməsi… Öz əsəblərini dəmirdən qəfəsə qoyub övladını cəmiyyətə qazandırmağa çalışacaq. Səbəbsiz yerə qışqıran, ağlayan uşağın anasını “Apar bunu. Qorxudur uşaqları. Səsi başıma düşür” deyən baxışlar izləyəcək…parklarda, avtobusda, metroda, həyətdə…

Künclərə sığınmağı seçən övladına qovuşmaq üçün çırpınar ömür boyu. Onu tanımaq, anlamaq, nə düşündüyünü dərk etmək tək məqsədə çevrilir. Artıq həyatı boyu övladının fərqliliyini öz dünyasına uyğunlaşdımağa çalışır. Hər gördüyü ixtisasçıdan “Autizm nədir?”, “ Sizcə mənim övladım necədir, necə olacaq?”, “Gələcəkdə müstəqil həyata davam edə bilər mi?” kimi suallara cavab axtaracaq. Və getdikcə özü ixtisaslaşacaq. Yeni insanlar tanıyacaq və bu insanlar mütəxəssis və ya bu fərqliliklə həyata davam edən ailələr olacaq. Gənc və Autizmdən anlayışı olmayan analar tanıyacaq. Onlara məsləhətlər verəcək. Bəlkə də ilk məsləhəti “Heç bir baxışa və mühakiməyə fikir vermə” olacaq. Çünki, onun qədər heç kəs yaxşı bilmir o “baxış” yaralarını. Və ən əsası, “Ruhdan düşmə, sən nə qədər güclü olsan övladın bir o qədər yaxşılaşacaq” deyəcək.

Əlbət ki, özünün ruhdan düşdüyü anlar, ümidsiz və yorğun ruhla oyandığı səhərlər olub. Tək arzusu övladının azadlığını, rahatlığını yaşadığı müddətcə təmin etmək… Tək məqsədi ona qeyri-şərtsiz sevməyi öyrədən “müəllim”ini qorumaq və heç kəsin ondan üstün olmadığını anlatmaq… Tək şüarı “Mən Autizmə qalib gələcəm” olub…

Müəllif: Xalidə Həsənova

gsr.fm

 

Go Back

Ağac və Yarpağın Hekayəsi

06-04-2015

Bizi əhatə edən gözəlliklərin əslində hər biri bizimlə danışır , ibrətli hekayələr verirlər.. bizsə, əlbəttə, görməzdən gəlib keçirik .. Belə bir hekayəm Yarpaq və ağacın hekayəsi.. Bir yaşıl gözəl bir təpənin üstündə uca, qol-budaqları göyləri yaran bir ağac varmış.. çox ağaclar kimi o da ildə bir neçə dəfə yarpaqlarını tökər yenidən yaşıllanarmış.. Ağacın ən üst budaqlarından birində yenicə tumurcuqdan çıxmış və o ağacdan heçvaxt qopmayacağını düşünən bir yarpaq varmış .Yarpaq ağacıyla o qədər fərəhlənərmiş, o qədər uca tutarmış ki, ətrafdakı başqa ağacları görməzmiş də.. Hər külək əsəndə Ən uca budağa doğru meyl edər, Ağacını yandırıcı günəşdən qoruduğunu sanar smile ifade simgesi Nə külək, nə yağış, nə tufan onu ağacdan ayıra bilməzmiş, Ağacın da onu digər yarpaqlardan seçib əzizləndiyini düşünərmiş, çünki payızda ağacda qalan yeganə yarpaq o imiş..

Payız gəlir..və bir gün əsən fırtına ağacın bir neçə budağını qırır, payızın saralıb soldurduğu bu yarpaq taqətdən düşmüş qüvvətli ağacını tərk etməyəcəyini söz verir..möhkəm-möhkəm qopmaq üzrə olan zərif tellə ona tutunur.. Yaz gəlir, ağac yenə yaşıllanır ,yenə yarpaqlarla əhatə olunur.. və çox zəiflədiyini yerdəki göllərdən birində görən fədakar yarpaq torpağa qarışaraq ağacına yenə xidmət etmək üçün özünü budaqdan düşürür.. ..

Ağac yazın ən zərif mehinə fədakar yarpağını qurban verir ... Hər kəsin çıxardığı nəticə ayrı ola bilər , Gördüklərimiz baxdıqlarımız deyil, Görməyə çalışdıqlarımızdı əslində.. Yaşadıqlarımız ətrafdan dərs aldıqca gözəldir.. Hər birinizin ağac kimi insanlardan və yarpaq kimi yalnış ünvana tutunmaqdan uzaq olmağınız diləyilə ...

YARPAQ KİMİ OLARLAR SADİQ İNSANLAR, VƏFASIZLAR İSƏ AĞACA BƏNZƏRLƏR!!!!

Gülər Məhərrəmova

Go Back

Kinli daşlar

03-04-2015

Bir varmış, bir yoxmuş, uzun illər çox əsrlər öncə yer üzündə insanlardan başqa bir də mələklər aləmi varmış. Bu aləm insanların yaşadıqları yerdən yuxarıda-səmada yerləşirdi. Buranın sakinləri isə biribirindən gözəl, mehriban, gülərüz mələklər imiş. Bu mələklər o qədər gözəl və füsunkar idilər ki, onları təsvir etmək üçün sözlər belə kifayətsiz qalırdı. Onlar öz gözəllikləri ilə daim qürurlanırdılar.Və Tanrı bu mələkləri çox sevərdi, onlar üçün möcüzəli bir aləm yaratmışdı . Amma onların içində bəzi mələklər var idi ki, bunların qəlbləri üzlərindən belə gözəl idi. O qədər saf qəlbli və xeyirxah idilər ki, onları insanlar, hətta Tanrı bələ daha çox sevərdi. Təbii ki , bütün yaxşılıqlar hər zaman birmənalı qəbul olunmur. Beləliklə o biri mələklər bu mələkləri qısqanmağa başlayırlar. Onların araları dəyir və hər cür pislikləri edərək birbirlərinə nifrət bəsləyirlər. Artıq bu mubahisə o dərəcəyə gəlirki qısqanc mələklər saf mələkləri əsir alıb onlara işgəncə verməyə başlayır. Tanrı bütün bunlara çox qəzəblənir və onlara barışmağı əmr edir. Düzdü, mələklər Tanrının qorxusundan barışırlar, amma unudurlarmı, həqiqətən bağışlayırlarmı? Bizim saf mələklər bütün olanları unudaraq onları həqiqətən bağışlayırlar, amma o birilərin isə qəlblərində günü – gündən kin daha da şiddətlənir, kin qəlblərini və gözlərini kor edir. Və onlar Tanrının sözündən çıxaraq öz pisliklərini davam etdirdilər. Tanrı mələklərin bu kinliliyinə dözməyib onları çox sərt cəzalandırır. Onlara ele bir cəza verir ki, ömürlük və çox ağır olur. Kinli mələkləri qəlbləri kimi qara çirkin və lazımsız daş parçalarına çevirib insanların ayaqları altına atdı. Bizim saf, kinsiz qəlbi tər-təmiz mələklərimizi isə Tanrı qiymətli və çox gözəl ləl-cəvahirata çevirərək dünyanın 4 bir yanında gizlədir. Gizlətməyinə gizlədib, amma insanların onları tapmaqlarına icazə verib. Verib ki, insanlar bu nadir daşları tapanda sevinsinlər, onları sevsinlər, onların dəyərini bilsinlır. Əslində insanlar da belədi, indi saf qəlbli və kinsiz insan tapmaq çox çətindi. Tapanda qədrini bilmək onu qorumaq lazımdı necə ki, Tanrı kinsiz mələkləri qorudu. Amma qara daşlar isə öz kinli ürəklərinin əsiri oldular. Qəlbimiz bizim ən dəyərli hədiyyəmiz, ən önəmli əmanətimizdir. Çalışaq onu elə qoruyaq ki, “Allah ürəyinə görə versin sözü” bizim üçün qarğış yox alqış olsun, bu duaya könül rahatlığı ilə amin deyə bilək. Əslində hər insan bir dövlətdi, idarə etməsi isə belədir: Ürəyimiz qanunverici, beynimiz icraedici, ruhumuz daha doğrusu vicdanımız isə məhkəməmizdir. Məhkəməmiz müstəqildir, heç kim ona müdaxilə edə bilmir. Bəzən elə hökmlər verir ki, biz belə qarşısında aciz qalırıq. Beynimizlə ürəyimiz isə belə deyil, onlar bir birlərinə bağlıdırlar, loru dildə desək ürəyimiz hansı havanı çalırsa beynimiz də həmin havaya oynayır. İcraedici məcbur belə olsa verilən qanunlara əməl etməlidi. İndiki həyatımız qanunlarımız üzərində qurulub, gəlin o qanunu verən qəlbimizi təmiz saxlayaq kinimizlə qaraltmayaq, onu çirkləndirməyək, insanları sevməyi və onları həqiqətən ürəkdən bağışlamağı bacaraq.

Aygül Səmədli

Məqalədən istifadə zamanı dushunce.az saytına istinad zəruridir!

Go Back

Musiqi….Həyat və Xəyalın nağılı

08-02-2015

Musiqi… O, qədər təsirli bir vasitədir ki, xatırlamağa və yaxud unutmağa heç kimi və heç nəyi olmayanları belə çox uzaqlara aparmağı bacarır... Keçmişdə ilişib qalanları getmək istədiyi qədər uzaq keşmişə aparır. eyni hissleri, sevinci,xoşbəxtliyi yenidən yaşamağa kömək edir. Ve yaxud bütün ümidlərini  gələcəyə bağlayanları, gələcəyə aparar arzularının  en şirin tərəflərini göstərir. Arzularımıza qovuşdurur. elm adamları belə hesab edərlərki “zaman maşını” yaratmaq insanın əl çatmaz arzusudur. Amma onların hesablamaları “musiqi” kimi bir möcüzəni nəzərə almayacaq qədər aciz qalıblar. musiqinin bizə yaşatdığı o unudulmaz dəqiqələri ,saniyələri  başqa hansı bir kəşf bizə yaşada bilərki? o dəqiqələrki bizə hər şeyə rəğmən həyatı yaşamağa dəyər olduğuna  bütün pisliklərə baxmayaraq hələdə yaxşıliqların var olduğuna inandırır özüdə şərhsiz olaraq inadırır. ölməkdə olan ümidlərimizi bizə yeniden qaytarır yaşamaqları üçün bir şans daha verir həm onlara həmdə bizə. ƏN dözülməz yaralarımızın  bir müddətlik  olsa belə  ən xoş xəyallarımıza çevirir. bir sözlə heç bir həkimin, alimin, müəllimin edə bəlməyəcəklərini sadəcə 7 not və bir neçə söz bacarır. Və həqiqətən bu boyda bacarığa  tək bir ad vermek olar Möcüzə.Məncə musiqi  Allahın insanlara acıyıb dərdlərini azaltmaları  üçün  cənnətdən göndərdiyi bir hədiyyədir. O çox güclü keyidicilərdən belə qüvvətli keyidicidir.Ən güclü psixoloqlardan daha effektli müalicə metoduna malik bir həkimdir. Çünkü musiqi bizi xəyyalarımıza qovuşduran yeganə vasitədir.Musiqi dinləyərkən biz bütün pisliklərdən uzaqlaşırıq,zamanın donduğu,ağrılarımızın keçib getdiyi bir yerə gedirik. Bu yer bizim üçün o qədər doğmadırki, ömürlük orda qalmağı arzulayırıq.Amma həyat çox qəddardır,  dərdlərin Sonsuz olmasına baxmayaraq  yaxşı olan hər şeyin mütləq bir sonu olmalıdır. Təəssüfki musiqidə bu gözəl şeylərin içindədir. “Heç kim həyata qarşı gələ bilməzmiş” bu sözün yalan olduğunu dərk edənlər bilirlərki  Həyatın tək düşməni- Xəyaldır. Çünki onun verdiyi hər əzaba dözməyə kömək edən yalnız  Xəyaldır. Xəyalın ən böyük köməkçisi isə Musiqdir.Bu hAqqda .çox maraqlı bir nağıl danışmaq istəyirəm: 

Həyat və Xəyalın nağılı. 

Həyat və Xəyal uzun zamanlar öncə dostluq etməyə başlamışlar. bir-birlərinə heç bənzəməsələrdə Xəyal  Həyatı çox sevərmiş. Həyat isə Xəyalı bir o qədərdə çox sevmirmiş. Çünki  Xəyal-optimist, xoş, gülərüz, pozitiv, yardımsəvər, insanları xoşbəxt etməyə çalışan biriymiş. Həyat- isə realist, acıdil, insanları incidən, əzab vermekdən həzz alan biriymiş. buna görədə insanlar Xəyalı daha çox sevirlərmiş. Və Həyat xəyala nifrət etməyə başlayar. Aralarındakı dostluq  mübarizəyə çevrilər. və bu mübarəzədə Həyat Xəyala qalib gələr.onu göyün 7ci qatına həbs edər. insanları isə lənətləyərək  onlara xəyalla görüşməyi qadağan edər. onun yerini isə özündən başqa heç kim bilməz. təbii ki biri istisna olmaqla: Xəyalın ən yaxın dostu Musiqidən başqa.Xəyalın yanına yalnız Musıqı gedib gələ bilirmiş, və xəyalı görmək istəyənlər Musiqinin köməyi ilə onun yanina gedirlərmiş.Həyat nə qədər çalışırsa Musiqini tuta bilmir. xəyalın yanına getmək istəyənlər musiqini Çağırırmış cünki ora getmək yalniz onun vasitəsilə mümkün imiş.insanların hələdə Xəyalla görüşdüyünü bilən həyat  əvvəlkindəndə  qəddar olur.insanlara zülm etmeyə başlayır. və musiqini tutmağı qarşısına məqsəd qoyur. Amma musiqi bütün bunlara baxmayaraq insanlara kömək etməyə davam edir. harda köməyə ehtiyyacı olan insan görsə yanına qaçırmış.Təəssüfki  həbs olunmaqdan qorxduğu üçün oda insanların yanında çox qala bilmirmiş.və bəliklə bu günə qədərdə dünyanı dolaşaraq həm  insanlara xəyalın yanına getmək üçün kömək edır həmdə Həyatdan qaçır. xəyalla insanlar arasında vasıtəçilik etmək musiqinin ən böyük amalına çevrilib artıq. çox vaxt insanlar deyirlerki  qulaqcıqı çıxardıqdan sonra həyat qaranlıqlaşır. çünki biz hər dəfə   musiqinin köməyi ilə xəyalın yanına gedəndə Həyat bunu bilir.və bizi daha çox cəzalandırır, yaralarımızı qanadır amma buna baxmayaraq heç birimiz nə musiqidən nədə xəyallarımızdan əl çəkmirik. Bəli  bu gün  biz  Xəyal ilə həyatın  mübarzəsi arasında  sıxışıb qalmış  varlıqlarıq. Və bu mübarizənin Xəyalın qalibiyyəti ilə qurtarması üçün əlimizdən gələni edirik. və hələki həyat o qədər güclüdurki ona tam olaraq qalib gələ bilməmişik. lakin hər dəfə musiqinin köməyi ilə xəyallarımızın yanina gedib onlara unudulmadiqlarını  xatırlatmalıyıq. az bir müddətlikdə olsa xəyallarımızın yanında həyatın  bu dərdlərindən azad ola bilərik. Və beləliklə bu yazını yazmaq üçün mənə stimul verən məni xəyallarımın yanına aparan musiqim  “Nazəndə sevgilim yadıma düşdü” ifasıdır. gənc tələbəlarin ifasinda şərhsiz bər mükəmməl musiqi...

Aygül Səmədli

Bakı Dövlət Universiteti, II kurs

Go Back

Hər gün bayramdır

02-02-2015

HƏR GÜN BAYRAMDIR?

Hal-hazırki dövrdə insanların gündəlik tələbləri mənim diqqətimi çəkir, nədənsə. Məsələ burasındadırki biz insanlar dövr keçdikcə dəyişir və dəyişdikcədə  ətrafımızdakıları dəyişirik.Məsələn əvvəllər milli rəqslərimizdən biri olan qılınc rəqsi indi halahazırda kifayət qədər yaddan çıxıb və yalnız toylarda oynanılır.

 Bu cür danışmağımın səbəbi var, yəni indicə qılınc rəqsi üçün çəkdiyim misalı insanların mənəviyyatlarına və düşüncələrinə də aid etmək olar.Elə götürək qeyrət anlayışını; vaxt var idi ki bir qızı atasından istəmək üçün mir bir əziyyət çəkərdilər, ancaq indi nəinki belə qayda yoxdur hətda ata öz qızını evdə tapmaqdan ötrü bilmir daha nə etsin. Digər bir misal;  əvvəllər papaq və at anlayışı elə bir məhvum idi ki bir kişini təhqir etmək üçün həmin kişiyə heç nə demirdilər, və yalnız ya  o kişinin papağını yada atını oğurlayardılar( yada ki  atının quruğunu kəsərdilər). AMMA İNDİ at quyruğundan PAPAQLAR hazırlayırlar.  MÜASİRLİK deyən də yəqinki bunu nəzərdə tuturlar, Çünki elə olmasa idi İSA PEYĞƏMBƏRİN doğum günün də TANGO, LOMBADA və digər bu kimi rəqslərlə əyləncəli vaxt keçirib GECƏ SAAT düz ON İKİ tamamda PAPAQLARINI göyə atıb atəşfəşanlıqlara tamaşa etməzdilər. Halbuki mən öz ad günümdə tort yesəm böyük bir şey olar. Adama sual verərlər ki ay balam MƏGƏR İSA peyğəmbər demişdimi ki mən doğulan da şərab dolu badələri bir birinə çarpışdırıb “ŞƏRƏFƏ!!!” deyib için??(BAXMAYARAQ Kİ BURADA ŞƏRƏFƏ AİD HEÇ NƏ YOXDUR) Ya FİŞƏNG ATIB TANGO OYNAYIN. HALBU Kİ o dövrdə belə bir rəqs olmayıb və bunlar yalnız insanların əyləncə həvəslərindən irəli gəlir .

Qeyd edəkki santa və digər bu kimi formal məhvumlar eyni zamanda insanlara xoşbəxtlik gətirir  fikirləri ilə əslində xoşbəxtlik anlayışını yanlış şeylərdə axtarmağımıza səbəb olurlar. Misal üçün son günlər yeni il ilə əlaqədar olan  reklam çarxların da istifadə edilən santaların obrazlandırılmasına diqqət etsəniz santanın necə ALLAHLAŞDIRILMIŞ şəkildə olduğunu anlayarsız. Gün ərzində ən azı 10-12 dəfə reklam olunan adı çəkilməyən bəzi şirkətlər könüllü şəkildə xoşbəxt ol və xoşbəxt et kimi şablon fikirləri insanlara təbliğ etməkdədirlər.Yəqin razılaşarsız ki azərbaycan kanalları o qədər də reytinqli deyil və əhalinin əksəriyyəti peyklər vasitəsi ilə xarici kanallara baxır, maraqlı məlumatlarla yanaşı pis və  yaxşı  əqidələri də mənimsəyir. FİKİRLƏRİMİN YENƏ DƏ ÜÇ BAŞI  YOXDUR. YENİ İLİN SADƏCƏ YENİ İL KİMİ QEYD OLUNMADIĞI TAMAMİLƏ BƏLLİDİR.Bu cür qeydlər insan düşüncələrində aparılır və son nəticədə də qurban ən əvvəl körpələr daha sonra isə elə biz özümüz oluruq.

Başa düşürəm, hamı sevinirki PEYĞƏMBƏR dünyaya gəlib, BƏS elə isə NİYƏ MUHƏMMƏD(s.ə.s) in doğum gününü elə həvəslə qeyd etmirsiniz?? HALBUKİ  O bir Peyğəmbər kimi daha böyük ŞƏXSİYYƏT olub.

Deməli burada söhbət ad günü qeyd etməkdən daha dərinə gedib çıxır.

DEYƏK Kİ yeni il və ya MİLAD bayramıdır, hər kəs bir birinə hədiyyə alır QİYMƏTİNİN N Ə  Q Ə D Ə R  OLMASINDAN ASILI OLMAYARAQ.Bu hədiyyələri satışa çıxardanlar üçün bu  əlbətdəki BÖYÜK bayramdır. Dünyada kı milyonlarla insana təlqin olunan SAXTA BABALAR VƏ SANTA CLAUSLARIN GÜYA qeyri adi olan bacarıqlarına görə onlardan hədiyyə uman uşaqlara hədiyyə almaqdan gözəl nə ola bilər????? Hansı ki ABŞın ən tanınan iqtisadiyyatçıları da təstiq edir ki ALIŞ-VERİŞİN ən yaxşı getdiyi dövr məhz YENİ İL ərəfəsidir. HƏTDA NEWYORKDA Santa clausun öz sarayı var və o orada minlərlə uşağın hansı hədiyyə istədiyini öyrənir(məktub vasitəsi ilə) və ünvanlı hədiyyələri təhvil verir. Ən maraqlısı da odur ki bu cür Santa Clauslar hədiyyələri pulsuz olaraq paylayırlar. Onda belə bir sual meydana çıxır ki “MƏGƏR bu Santaların uşaqlara borcu var??” Bax elə problem də budur. İnsanların beyninə yeridilən bu cür görünməz mənəviyyat və inam CİPLƏRİ həm SUBYEKTİV əqidəni təbliğ edir, həm də digər UŞAQLARINDA(ölkəsindən asılı olmayaraq) Santadan hədiyyə istəməsinə səbəb olur. Ola bilər ki  bir çox hədiyyə istəyən uşağın ölkəsində bu cür SARAYLAR olmasın. Amma valideyin bunu UŞAĞA necə izah etsin axı?? Məhz elə buna görə də HƏDİYYƏ almaq üçün dükana girən valdeyin qiyməti baha olsada bir cür bir təhər özünün ucuz adlandırdığı bir hədiyyəni alıb verir öz övladına. İNDİ görün dünya da nə qədər belə VALİDEYİN var??

Belə SANTALARIN əlinə keçən MİLYONLARLA DOLLARLARI NƏZƏRƏ ALSAQ ƏLBƏTDƏ Kİ PAYLANILAN  HƏDİYYƏLƏR ÜÇÜN BU QƏDƏR ÇOXLU PULUN HARADAN TAPILMASIDA MƏLUM OLAR. Belə al-ver hər bir şirkətə (ən kiçiyindən ən böyüyünədək)  xeyli gəlir gətirir. GÖR BU İSA PEYĞƏMBƏR DÖVRÜMÜZDƏKİ İQTİSADİYYATA NƏ NƏDƏR CİBİŞTANİ ŞƏRİFLİKLƏR GƏTİRİR.........halbuki,  bunun günahı Hz. İsa (ə) da deyil.

  Bu iqtisadi gedişləri anlayan ABŞ artıq əhaliyə belə hədiyyələri almamağı tövsiyyə edir. Görəsən ABŞ da nə baş verdiki belə qərara gəldi ? Yoxsa dövlət büdcəsinə ziyandır???

Mənə görə yeni il elə yeni İLDİR. BAŞQA HEÇ NƏ.Boş arzularla saxta babalardan hədiyyə istəmək üçün vaxt itirə bilmərəm. ŞÜKÜR OLSUN MƏNİM ƏN UCA OLAN RƏBBİMƏ, BÜTÜN DUALARIMI EŞİDİR VƏ BUNU ÇOX GÜMAN Kİ O SAXTA BABALAR DA SANTA CLAUSLARDA ANLAYIR.

Əgər il təhvili bu qədər şən bir şeydirsə niyə hər gün bayram etmirik, axı hər gün ömrümüzdən gedən bir günü 24 saatı təhvil veririk??

2014 12 30(arxiv)

Ağazadə MİRçingiz

 

Go Back

Yanvar Hekayələri

20-01-2015

     

Xalq yazıçısı Sabir Əhmədlinin "Yanvar hekayələri" silsiləsindən” qələmə aldığı “Dənizdən gələn səda” hekayəsini təqdim edirik.                                                                                                                               Əziz ana!

 Əvvəla, salam. İkincisi, əgər zəhmət çəkib, mənim əhvalımı xəbər almaq istəsən...

 Mən indi Dərbənd yaxınlığındayam. Çiskinli-dumanlı bir havadı. Əsla nigaran qalma, bircə gilə üşümürəm.

Dənizə qar yağır, amma vecimə deyil. Mən tək deyiləm, can ana.

 Yaxşısı budur, hər şeyi olduğu təki sənə söyləyim. Bilərəm, gecən-gündüzün yoxdur.

 Bilirəm, şəhərin bütün xəstəxanalarını, meyitxanaları dolaşmısan. Bircə saat gecikəndə, gəlib görürdüm ayağından asılmış quş təki eyvandasan...

 Heç bir oğul öz anasına mənim danışacağım macəranı danışmaz.

 Amma səni intizarda qoymayacam. Hər şeyi bilməlisən...

 Bir dəqiqə... Huy, huy!

 Yanvarın on doqquzundan iyirmisinə keçən gecə, haman qaramat gecə məni evdən buraxmaq istəmədin. Səni ovundurub inandırdım ki, heç nədən qorxma. Dostlarım oradadır, getməsəm inciyərlər.

Biz Tiflis prospektində, Biləcəri yoxuşunun şəhərə aşdığı yerdə dayanırdıq. Qoşun şəhərə soxulanda birinci bizimlə qarşılaşdı.

 Tanklar yeridi üstümüzə. Heç birimiz inanmadıq. Dedik, bəs qorxudurlar, çatıb dayanacaqlar.

Tankların ardınca gələn soldatların avtomatdan atdığı güllələri fişəng sandıq...

 Bir dəqiqə Huy-y-y! Dənizdə nə çox suiti varmış, ana... Ötdü getdi, başqa ovun üstünə yönəldi.

Hə, əziz ana! Həndəvərimdə neçə oğlan yıxıldı, yenə inanmadım.

 Onda inandım ki, sinəmi güllələr odladı.

 ...Tanklar ötdü, avtomatlar xiyaban boyu gurladı. Biçib tökdülər. Ardınca yeni dəstələr, maşınlar gəldi.

Küçə fanarları söndürülmüşdü. Nə baş verdiyini, yoldaşlarımın başına nə gəldiyini öyrənməkdən ötrü dikəlib, boylanmağa çalışdım.

 Yaxında bir neçə hərbi-sanitar maşını dayandı. Oradan soldatlar düşdülər. Yır-yığış başlandı. Aralarında saqqallı, qarasifət cavanlar vardı. Bunlar lap insafsızdılar.

 Kolların arasına cumur, küçəyə sərilmiş şəhidlərin üstünü alır, avtomatdan, tapançadan atəş açır, can verəni yenidən gülləyə tutur, öləni bir də öldürürdülər.

Səslərini eşidirdim: "Bıstro ubrat!" Çtobı do utro niçeqo ne ostalos. Çisto!"

 Kürüdülər, topladılar. Ocaq çatıb yandırdılar...

Bizi örtülü maşınlara mindirib, aradan çıxartdılar.

Şəhərin bu yanlarına yaxşı bələd deyildim. Amma anladım, maşınlar dəniz körpülərinə gedirdi.

Torpaqdan çıxıb, taxta döşəmə ilə sürdülər.

Yaxınlıqda bir neçə hərbi kater dolanmaqda idi. Körpüyə iki "Hidroqraf" gəmi bağlanmışdı. Ardımızca "Ural" avtomobilləri, BMP sanitar - "təcili yardım" gəlməkdə idi. Yükü tezcənə gəmilərə keçirib, arxadan çatanlara yol verilməliydi.

 Bir dəqiqə... bu dənizdə nə çox suiti varmış. Pirşağıda bir kərə bir uşağı dişləmişdi. Demə, qudurubmuş suiti. Uşaq dəli oldu...

 Bizi "Hidroqraf"ın göyərtəsinə götürdülər. Sahmanlı tərpənirdilər, xərək-salacaları vardı. Düşürəndə dönə-dönə yoxlayırdılar. Fanarları üzümüzə saldılar, gözlərimizə tuşladılar. Əyilib, nəfəsimizi imsədilər.

Tək-tək tapançalar açıldı, baltalar, kumbullar işə düşdü; kambuzdan iri bıçaqlar, kordalar götürmüşdülər.

 Patrona qənaət etdilər. Tam sakitlik olsun deyə, əl-ayağı tərpənəni oradaca bitirdilər. Göyərtədə üstümüzə çadır çəkdilər. Xeylisini büküb, kəndirlə sarıyıb, türümlərə endirdilər.

 Gəmi açıldı, körpüdən aralandı. Səhər açılmışdı.

Səfərə yollanacağımızı, amma haraya aparılacağımızı bilmədiyimiz halda, göyərtədə təşvişə düşdülər.

Demə, Xəzər gəmiçilik idarəsi hərbi gəmilərin buxtadan çıxmağına icazə verməmişdi. Bizim neftdaşıyan, quru yük aparan böyük gəmilərimiz limanın giriş-çıxışını, kanalları tutub dayanmışdılar.

Körfəz blokadaya alınmışdı. Radio-ratsiya ilə danışığa başlamışdılar.

 Bumbuz dəmir anbarlardan nə söyləndiyini eşidirdik: hərbi donanma Xəzər gəmiçiliyindən tələb edirdi ki, yolu açsınlar. Bizimkilər qəti etiraz edib, bildirdilər: "Sizin gəmilərə baxmalıyıq. Apardığınız nədir?" "Hərbçilərin ailəsini köçürürük", - dedilər.

Xəzər gəmiçiləri bildirdi ki, bizim adamlar sizin gəmiləri yoxlamalıdır. Əks halda, bircə hərbi gəmi limandan çıxa bilməyəcək.

 Üç gün öcəşdilər. Xəzər gəmiçiləri hərbi gəmilərin yerləşdiyi "Sabit Orucov" tankerinə keçdilər, qərargah orada idi. Deputat komissiyasının bütün səyinə baxmayaraq, onları hərbi gəmilərə buraxmadılar.

Donanma katerləri yaxınlaşdı. Bizim gəmiləri hədələdilər: "Yol verməsəniz, atəş açacayıq". Xəzər gəmiçiləri dediklərində dayanıb, hərbi komandanlığa bildirdilər: "Sizin gəmilərə meyit yüklənmişdir.

Gecə, qoşun şəhərə soxularkən, həlak olanlar körpülərə daşınmışdır. Siz törətdiyiniz cinayətin izini itirmək istəyirsiniz".

 Keşikçi katerlərin top lülələri Xəzər gəmilərinə tuşlandı...

 Yanvarın iyirmi ikisi, səhər saat onda buxtanı tutmuş Xəzər gəmiləri fit verməyə başladılar.

 Əllidən artıq gəminin göyərtəsindən qopan haray Bakı üzərində dalğalandı... Şəhidləri dəfn edirdilər, ana! Mikrofonla yasin oxuyur, gəmilər ulartı qoparır, sədası zindan türümlərə çatırdı.

 Eşitmişdik, şəhidləri Dağüstü parkda basdıracaqdılar. Bizimkilərdən kimsə qımıldandı: "Bizə də ora qismət olsa idi, elə bilərdim, başımıza heç bu qəziyyə gəlməyib".

 Dördüncü gün, axşam hərbi donanma Xəzər gəmilərinə atəş açdı. Bizimkilər cavab verdi. Atışma düşdü. Dinc gəmilərimizin hərbi donanmanın top atəşlərinə dayanmağa gücü çatmadı. Tankerlərin neçəsi deşildi, yanğın düşdü. Mühasirə yarıldı.

Donanmaya qurudan kömək gəlmişdi, spesnaz soldatları gəmilərimizə doluşdular. Xəzər gəmiçilərinin bir qismi qayıqlara minib Zığ burnu, Əhmədli səmtə üz tutdular...

 "Hidroqraf" açıq dənizə çıxdı... Bir dəqiqə, darıxma, ana. Bu dənizdə suiti nə çoxmuş. Ağ suitilərdi, batıb çıxır, gəlirlər...

 Səhərə az qalırdı, bütün gecəni üzmüşdük.

Bakı limanında bizimkilər yaxınlaşa bilsəydilər, göyərtədə, türümlərdə kimin nə kökdə aparıldığını sezəcəkdilər.

 Alatoranda göyərtə kranları işə düşdü. Türümlərdəki bağlamaları çıxartmağa əl qatdılar. Bəlkə, tonqal çatacaqdılar. Yox, bunların niyyəti özgə imiş. Brezent bağlamaları göyərtənin qırağına sürüdülər.

 "Raz! Dva! Vzyali!" - meyit çatılmış mafraşlar dənizə quylandı.

 Sonra... sahibindən ayrı düşmüş qollar, qıçlar, başlar tolazlandı.

 Bu, bir məşəqqətdi. Bizi yandıran o idi ki, başımıza gətirdikləri bəs deyilmiş, ardımızca söyüş yağdırır, təpiklə vurub bağırırdılar: "Vot vam Şaxidlyar xiyabanı!"

 Bir də gördük ki, ana, üstümüzdə vertolyotlar dolanır.

Köməyəmi gəlmişdilər? Endi, az qaldı dalğalara toxunsun. Qapı açıldı, oradan dənizə atılmağa başladılar.

 Paraşütləri yox idi, dalğaların arasına düşür, batır... çıxmırdılar. Hə, bunlar desant deyilmiş, eləcə bizdənmişlər. Amma onları vertolyotla gətirmişdilər.

Beləcə, başı Həştərxan, ayağı Lənkəran - dəniz oldu məzarımız, can ana.

 İstəkli anam! Gözümün işığı ana! Yadındamı, bir axşam bacılarım, sən, qonşu xala oturmuşduq bizdə.

Yaz idi, imtahanlarımız başlanmışdı. Mən sənə öz istəyimi söylədim. Dedim, Odessaya gedib, Ali Dənizçilik Məktəbinə girmək istəyirəm.

 Razı olmadın: "Gözümün qabağında ol, balam mənim. Beş bacının bircə qardaşı, evimizin kişisi sənsən" - dedin.

 Taleyin qismətinə bax, ana. Ömrümdə ilk dəfə sənin istəyinin əksinə çıxdım. Dənizçi olmuşam, mənim anam. Üzürəm... Əzəlcə sualtı qayıqların görünməz, dərin yolları ilə düz 5 gün dolandıq. Sonra hərəmiz bir diyara tuş olduq.

 Kimi Şah dilində üzə çıxdı, kimi Türkanda. Axı, dəniz ölü saxlamır; şaqqalayıb baş bir yana, bədən özgə yana atmışdılar, itib bataq. Çıxansa vardı. Bullada vertolyotlar alçaqdanca güllə yağdırır, dəlib deşirdi, getsin alta.

 Türkan balıqçıları gördü. Kənd duyuq düşdü. Balıqçılar qayığa minib gəldilər. Xəzərə yiyələnmiş keşikçi katerlər pusquda imiş. Balıqçı da, onun gördüyü də yoxa çıxdı...

 Bir dəqiqə. Ana, bircə dəqiqə. Bu dənizdə nə çox suiti varmış... Gör sənin dənizçi oğlun bir qol, bir qıçla necə şütüyür!

 Dənizə qar yağır. Kiçik çillə girir bu gün. Kiçik çillə böyük çilləyə deyib: "Mən sənin vaxtında gəlsə idim, gəlinlərin əlini sənəyin qulpunda dondurardım".

Qarşıdan yaz gəlir.

 Dənizə qar yağır, başıma qar ələnir. Xəzər Dərbənd altında necə burulğanlı imiş. Bizə daha nə qar əsər edər, nə külək. Nə dalğalar batırar, nə fırtına susdurar.

 Yamacda Dərbənd mayağı yanır. Dalğaların qucağında sahilə üzürəm. Allah üzümə baxar, qədim Azərbaycan şəhərinin sakinləri görər məni. Görsələr, xilas edəcəklər.

 Bacılarımı öp, məni gözləmə.

 Sənin dənizçi oğlun.

 1 fevral 1990-cı il

kulis.az

Go Back

Köhnə Tramvay Parkı

16-01-2015

Köhnə tramvay parkı xəyalların parçası,

Dəmiryol qırağı addımlayan gəncin açılmış ayaqqabı bağları

Cırılmış şalvarı, genbalaq köynəyi, dağınıq saçları

Biraz saqqal, bir də əzilmiş siqaret qutusu...

Yazılmış divarlar sökülmüş, döşəmələr əyilmiş, ağaclar üzlənmiş binalar

Rəngarəng park ,daş ağaclar içindəki karusellər,

Maskalı teatrda yaşayan insanlar,

Aynasız şəhərlər,səssiz küçələr ünvansız çərpələnglər....

Hündür hasarlarda gizlənən uçuq körpülər,

Böyük mənzillər, balaca evlərdə birləşən əllər... 

Əyni brend, rəngarəng t-shirt

Ciyəri zəhərli böyrəyi sancılı böyüyən gənclər...

Cırılmış kitabın səhifələri, Bakının toz küçələri

Birdə ürəkləri isitməyən ayaqları qucaqlaqlayan

Soyuq Mərmərləri-böyük qardaş nəzərləri...

Gecənin işıqları bircə lazım olur tikilən üzlüklərə,

Gizlənir gecələrdə sərxoş atanın göz yaşları

Xoşbəxt edə bilmir qədəhlər...

Dayanır limanda qollarına sarılan bir qızın duyğuları,

Qapanır otağına 90 dərəcə divarlara sirdaş tək tələbə oğlan...

Pəncərəsindən görünən məscidin yarımçıq minarələri

Hündür binalar altında, quyu dibində bəzən hıçqırıq pıçıldasa da bu şəhər,

Günəşi üfüqləri üzümüzdə hər səhər

Var səhər , sabah və inam

İnsan insan inam... 

Bu şəhər insan olanda

mən, sən və bizlə, insanla pərver olanda-

İnsan-inam, iman günəşə cəsarətlə açılanda

Dağlara baxmaq deyil yaylaq üçün aşmaq gərəkəndə,

Qapılarda gözləmək deyil zərblə açmaz,

Gərəkəndə bəlkə bir dəstə güllə, bəlkə sıxılmış əllə...

Bu şəhər o yuxudan oyanacaq və bizi oxuyacaq

Oxuduqca tanıyacaq, tanıdıqca bizim kimi olacaq yenidən…

Yenidən pərvər doğacaq…

Şamxal Həsənli

Go Back

Arzu tutarkən ehtiyyatlı olun, hər an gerçəkləşə bilər

15-01-2015

Hər səhər eyni açılır. Heç bir səhər digərindən hansısa xüsusiyyətinə görə fərqlənmir. Hər gün böyük insan kütləsi böyük aqressiya ilə qatarlara doluşur.  Hər gün işbazlar nəhayət bu günün uğurlu olacağını arzu edərək işə gedirlər. Amma hər gün eynidir. Hər səhər öz dükanlarını açan satıcılar bu gün etdikləri zarafatların daha gülməli olacağını düşünürlər. Hər səhər eynidir bu şəhərdə. Ümidlərlə oyanan sakinlərini ümidsiz yaşamağa öyrəşdirən bu şəhərdə.

O pəncərədən baxır və düşünürdü ki, Bakı bu illər ərzində çox dəyişib. Amma bunu nədənsə heç kim hiss eləməyib. Çünki hər kəsin başı öz dərdlərinə qarışıb. Çünki hər kəs şəhərdə başı aşağı gəzir və buna görə də heç kəs ucalan binaları görmür. Hər kəs alçalan taleləri görür. Hər kəs aşağı baxsa da bu aşağılar arasında da fərq var. Kimi öz daxmasından aşağı baxır kimi də onun kimi beş ulduzlu otelin pəncərəsindən. O aşağı baxır və düşünürdü ki, bu mərtəbəyə qalxmaq üçün o çox əziyyət çəkib. Filmdə deyildiyi kimi gecələr yatmayıb gündüzlər dincəlməyib. Çox çalışıb. Lazım gələndə kimlərinsə qabağında əyilib, lazım gələndə önündə kimlərisə diz çökdürüb. Amma indi istədiyinə nail olub. Ölkənin ən məşhur banklarından birinin tam hüquqlu sahibidir indi. O istədiyinə nail oldu əgər doğrudan da o bunu istəyirdisə.  “Arzu tutanda ehtiyatlı ol birdən arzun yerinə yetə bilər” deyib amerikalılar. Problem də bu idi. İndi onun hər şeyi var. O istədiyi hər şeyi ala bilər. Amma zamanı geri qaytarmaq olmaz. Əgər zamanı geri qaytarmaq olsa idi, o heç vaxt var-dövlətə qaçmazdı. O milyoner olmağı hədəfləməzdi. Əgər zamanı geri qaytarmaq olsa idi o kasıb rəssam olmağı seçərdi.  Rəssam olmaq onun ən böyük arzusu idi uşaqlıqda. İstedadı da vardı. Bir neçə rəssamlıq müsabiqəsində qalib olmuşdu. Valideynləri öyrənən kimi ki, o rəssam olmaq istəyir onun əlindən sevimli fırçasını almışdılar.

“ Sən elə gic-gic peşəyə maraq göstərməməlisən” deyərək onu başqa istiqamətə yönləndirmişdilər. O da zaman keçdikcə inanmışdı ki, həqiqətən bu “gic-gic” peşəyə maraq göstərməməlidir. Və o iqtisadçı oldu. Sonra bankir. Sonra sahibkar. Valideynləri indi onunla fəxr edirlər. Bəs o özü? O xoşbəxt ola bildimi? Xeyr. O hələdə rəssamlıq haqqında düşünür. Amma sərhədlər var. Uşaq vaxtı bu sərhəd onun valideynləri idi. İndiysə statusu. O tanınmış biznesmendir. Əyninə çirkli xalatı geyib rəsm çəkə bilməz. Sərgi keçirə bilməz. Pulu çatmadığına görə yox cəsarəti çatmadığına görə. Onun beynində rəssamlıqla bağlı bir söz qalıb. “Gic-gic”. O-tanınmış sahibkar – bu “gic-gic” sənətlə məşğul ola bilməzdi. Ətrafda sərhədlər çoxdu. Amma bizi əlçatmaz arzularımızla birləşdirən körpülər ya azdır ya da heç yoxdur.

O pəncərənin kənarından ayrılıb siqaretini yandırdı. Keçib divanda oturdu. İndi onun hər şeyi var. Bircə azadlıqdan başqa. O dustaqdır. Öz ruhunda məhbusdur. Amma indi bunları fikirləşmək istəmirdi. İstənilən halda qul olmaq daha asandır. Arxaya söykənib gözlərini yumdu. Çöldə-aşağıda isə həyat öz axını ilə davam edirdi. Aşağı onun kimilərin dünyası deyildi. Aşağı pulları və otelləri, gəmiləri və təyyarələri olmasa da arzularına çatan  azad insanların dünyası idi. Və bu insanlarda olmayanlar onları azad edən, onları arzuları ilə birləşdirən körpülərdir.

 Fuad Əsədov

BDU, Sosial Elmlər və Psixologiya fakultəsi, I k

Go Back

20 nəticə göstərilir